Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...
Ərşad Hüseynov: “Hansı ərazilərdə çoxlu avtobus marşrutları yoxdur və ya avtobuslar instensiv qrafiklə hərəkət etmirsə, orada avtobus zolağı salmağa ehtiyac yoxdur”
Bakını tıxacsız təsəvvür etmək mümkün deyil. Demək olar ki, hər gün, hər saat vətəndaş tıxac problemi ilə üz-üzə qalır. Tıxacın qarşısının alınması üçün paytaxt yollarında hərəkət zolağı yaradılıb.
Qeyd edək ki, Bakıda yeni avtobus zolaqlarının tətbiqi çərçivəsində hazırda 26 küçə və prospektdə uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib. Növbəti mərhələdə daha 106 km avtobus zolaqları şəbəkəsinin təşkili nəzərdə tutulub.
Lakin xüsusi zolaqların çəkilməsi insanların taksi və digər minik avtomobilləri ilə mənzil başına çatmasında problem yaradıb. Sıxlıq olan küçələrin bir hissəsini bağlayıb avtobus xətləri üçün istifadəyə vermək həmin küçələrdə nəqliyyatın hərəkətini iflic vəziyyətə salıb.
Qeyd edək ki, avtobuslar üçün nəzərdə tutulan hərəkət zolağından və velosiped yolundan digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsi ilə əlaqədar sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılır.
“Çəkilən zolaqdan avtobus istifadə etməyəcək, boş qalacaqsa, bununla yanaşı minik avtomobilləri də keçə bilməyəcəksə, bu zaman əlavə problem yaranacaq”
Nəqliyyat eksperti Ərşad Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hansı ərazilərdə çoxlu avtobus marşrutları yoxdur və ya avtobuslar instensiv qrafiklə hərəkət etmirsə, orada avtobus zolağı salmağa ehtiyac yoxdur: “Belə ərazilərdə zolaqlar salıb sıxlıq yaratmaq lazım deyil. Əslində ictimai nəqliyyatı daha əlverişli etmək üçün fərdi avtomobillərə bir az çətinliklər yaradılır. Avtobuslar üçün çəkilən xüsusi zolaqlara avtomobillər daxil ola bilmir. Daxil olduqları zaman cərimələnirlər. Bu yolla əslində vətəndaşa deyilir ki, tıxaca düşmək istəmirsinizsə, ictimai nəqliyyatdan istifadə edin”
Ekspertin fikrincə, xüsusi avtobus zolaqları yaradılan küçədə fərdi avtomobillərin sayı buna proporsional qaydada azaldılmalıdır: “Dünyada mövcud praktika belədir. Fərdi avtomobillərin sayı yollarda azaldıqda problem yaranmır. Bunun əksinə, çəkilən zolaqdan avtobus da istifadə etməyəcək, boş qalacaqsa, bununla yanaşı minik avtomobilləri də keçə bilməyəcəksə, bu zaman əlavə problem yaranacaq”.
Günel CƏLİLOVA