İtaliya mediası Prezident İlham Əliyevin səfərinə geniş yer ayırıb
İtaliyanın aparıcı mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərini geniş işıqlandırıb. Belə ki, “Agenzia Nova”, “Giornale Diplomatico”, “Agenpress”, “Il Sole 24 Ore”, “Askanews”, “Italpress”, “il Giornale”, “La Presse”, “Agenzia Vista”, “Quotidiano Nazionale”, “Tutt Oggi”, “Borsa Italiana” və digər kütləvi informasiya vasitələrində yayılan məlumatlarda Prezident İlham Əliyevin Romanın “Quirinale” Sarayında İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdüyü bildirilib. Diqqətə çatdırılıb ki, görüşdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı və çoxşaxəli əməkdaşlığı ehtiva etdiyi vurğulanıb.
Bildirilir ki, İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. TAP layihəsinin Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığı qeyd olunur. Humanitar və mədəni əlaqələrin, eyni zamanda, İtaliya -Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti bildirilib.
Noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un çox əhəmiyyətli tədbir olduğu və İtaliyanın beynəlxalq tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağı diqqətə çatdırılır.
Mətləb Salahov