81 fransız deputat Makronun istefası ilə bağlı qətnaməni imzaladı...
Fransada “Əyilməz Fransa” (La France insoumise) partiyasının təşəbbüsü ilə Yeni Xalq Cəbhəsi (NFP) blokunun Prezident Emmanuel Makronla bağlı təhdidi artıq əməli işə keçib. Belə ki, Yeni Xalq Cəbhəsi blokununn 81 deputatı Emmanuel Makronun istefaya göndərilməsinin təklif olunduğu qətnaməni imzalayıb.
Qətnamə “Əyilməz Fransa” (La France insoumise) partiyasının 72, ekoloqların 6, demokrat və respublikaçı sol qrupdan seçilmiş 3 deputat tərəfindən imzalanıb.
“Prezident Emmanuel Makronun iyulun 7-də keçirilən parlament seçkilərində qalib gəlmiş koalisiyadan Baş nazir təyin etməkdən imtinasından sonra təklif olunan bu qətnamənin müəllifləri parlamentin ölkə Prezidentinə qarşı impiçment proseduruna başlamasını istəyirlər. Bu imtina son iki respublika tarixində misli görünməmiş haldır”, - deyə deputatlar bildiriblər. Qətnamədə xatırladılır ki, Avropa İttifaqının üzv ölkələrində hökuməti qurmaq hətta azlıq təşkil etsə belə, seçkilərdə qalib gələn partiyaya həvalə olunur.
Deputatlar, həmçinin 1877-ci ildən bəri Fransa Respublikasının institutlarının tarixində görünməmiş olan bu hadisəni pisləyirlər.
Qeyd edək ki, impiçment proseduru Konstitusiyanın 68-ci maddəsi ilə tənzimlənən uzun prosesdən keçməlidir. Növbəti mərhələdə təklif məqbul olmasının yoxlanılması üçün Milli Assambleyaya göndərilməlidir.
ZÜMRÜD