ABŞ-la Çin arasında casus qalmaqalı - Çin baş konsulu Nyu Yorkdan qovuldu...
ABŞ Çin diplomatını ölkədən çıxarıb. ABŞ mətbuatı yazır ki, Nyu-York qubernatoru Keti Xokulun keçmiş köməkçisi Çin adına casusluqda ittiham edilməsindən bir gün sonra Çinin Nyu Yorkdakı baş konsulu deportasiya edilib.
Xəbərdə, Xokulun bir tədbir zamanı baş konsulun artıq Nyu-York missiyasında olmadığı barədə məlumat aldığını söylədiyi bildirilib.
ABŞ Dövlət Departamenti və Çinin Vaşinqtondakı səfirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Xokulun keçmiş köməkçisi olan 41 yaşlı Linda Sun milyonlarla dollar və hədiyyələr müqabilində Çin hökumətinin agenti kimi gizli fəaliyyət göstərməkdə ittiham olunur. Məlumata görə, iki gün əvvəl həbs olunan Sun və əri, 40 yaşlı Kris Hu ittihamları qəbul etməyiblər.
Bruklindəki federal prokurorlar Sunun Tayvan hökuməti nümayəndələrinin rəsmilərlə görüşünə mane olduğunu və yüksək rütbəli Nyu-York ştatının rəsmisinin Çinə səfərini təşkil etməyə çalışdığını, bunun müqabilində Çin hökuməti nümayəndələrinin bu ölkədə biznesi olan Hu üçün milyonlarla dollarlıq tenderlər təşkil etdiyini iddia edib. Prokurorlar bildiriblər ki, Sun və Hu Çindən aldıqları pulla 2024-cü il istehsalı olan Ferrari Roma idman avtomobili, həmçinin Nyu Yorkdakı Long Islandda və Havaydakı Honoluluda təxminən 6 milyon dollar dəyərində əmlak alıblar.
İstintaq çərçivəsində qubernator Xokula qarşı heç bir ittiham irəli sürülməyib. Ancaq vəzifəsindən sui-istifadə etdiyi təsbit edilən Sun 2023-cü ilin mart ayında vəzifəsindən uzaqlaşdırılıb. Qubernator Xokul dərhal Sunun hərəkətləri barədə müvafiq qurumlara məlumat verib.
TAHİR