"Fransanın məqsədi Mayot adasında yerləşdirdiyi silahlı qüvvələrini gücləndirməkdir" - BMTM-in şöbə müdiri
Fransanın məqsədi Mayot adasında yerləşdirdiyi silahlı qüvvələrinin mövqeyini gücləndirməkdir, bu ölkəni adanın sakinlərinin həyat şəraiti maraqlandırmır.
Bu fikirləri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə sentyabrın 3-də Bakıda keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev səsləndirib.
BMTM-in şöbə müdiri bildirib ki, İkinci Dünya müharibəsindən sonra 1945-ci ildə qəbul edilən BMT Nizamnaməsi vətəndaşların hüquqlarının qorunmasına dair öhdəliyi ifadə edir və insan hüquqları ilə bağlı ali prinsipləri rəhbər tutur.
“BMT-nin 1960-cı ildə qəbul etdiyi qətnaməsinin tələblərini pozan Fransa Qəmər Adaları İttifaqının sərhədlərinə müdaxilə edir və işğal siyasəti aparır. Fransa 2011-ci ildə Mayotu özünün müstəmləkəsinə çevirib”, - deyə C.Vəliyev bildirib.
O vurğulayıb ki, Fransa müstəmləkəçilik siyasəti aparmaqla digər xalqların, ölkələrin hüquqlarını pozur.
ZÜMRÜD