Qızılağacın bitməyən problemləri...
Qızılağac Masallının böyük kəndidir. Bu yaşayış məskənində insanların həyatı həmişə rahat keçib. Lakin son illərin burada yaratdığı çətinliklər saymaqla bitmir. Aidiyyəti qurumlar isə vəziyyəti qaydaya qoymaq əvəzinə yalan vədlər verməklə öz işlərini bitmiş hesab edirlər.
Kəndin yolları çox bərbad haldadır.
Yayda toz-torpağın, yağışlı günlərdə palçığın əlindən göz açmaq olmur. Sakinlər bildirirlər ki, özümüz heç, bir balaca yağış olanda, qar yağanda uşaqların məktəbə gediş-gəlişi çətinləşir, hətta günlərlə dərsdən qalanlar da olur. Yolun çala-çuxurları maşınların hərəkətinə çətinlik yaradır, qışda isə kəndə girməkdən imtina edilir. Masallı inkişafda olan rayonlardan sayılır. Lakin Qızılağacın yararsız yolları günümüzün tələblərinə heç cavab vermir.
Digər problem elektrik dirəkləri ilə bağlıdır. Kəndin girəcəyində, yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dirək hər an aşmaq təhlükəsi ilə üz-üzədir. Hazırda dirəyi yenisi ilə əvəz etmək olduqca vacibdir. Qarşıdan qış ayları gəlir, qar yağan zaman vəziyyət daha da ağırlaşacaq. Sakinlərin sözlərinə görə, problem bununla da bitmir. İşıq dirəyinin yanında olan transformatorun açıq vəziyyətdə olması da onları təşvişə salır.
Qızılağaclılar bu məsələlərin həllini daha çox istəyirlər. İndi ümid qalır rayondakı əlaqədar təşkilatların insafına.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü