Azərbaycan Avropa ilə Asiyanı “Rəqəmsal İpək Yolu” ilə birləşdirir...
Azərbaycan və Qazaxıstan arasında dənizin dibi ilə Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilməsi üçün bu il əməli işlərə başlanılması gözlənilir.
Qeyd edək ki, Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib magistral fiber-optik kabel xətlərinin çəkilməsi üzrə layihədir. Layihənin məqsəd Xəzər dənizinin dibi ilə irihəcmli məlumatların ötürülməsinə imkan verən magistral kabel xətlərinin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunu formalaşdırmaqdır. Xəzərin dibi ilə optik xəttin çəkilişi 370 kilometr uzunluqda olacaq. Qazaxıstan və Azərbaycanın rabitə operatorlarının investisiyaları 50,6 milyon dollar həcmdə qiymətləndirilir.
Hesab edilir ki, layihə Azərbaycnla Mərkəzi Asiya ölkələri arasında münasibətləri daha da sıxlaşdıracaq. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də bu məsələyə toxunub. Qeyd edib ki, 2025-ci ildə Xəzər dənizi ilə fiber-optik kabel xəttinin çəkilməsi layihəsi başa çatacaq: “Bu, beynəlxalq dəhlizlərə və transsərhəd məlumat axınları ilə əlaqəli rəqəmsal infrastrukturun yaradılması baxımından ölkəmiz üçün son dərəcə vacibdir. Ümumiyyətlə, biz telekommunikasiya şəbəkələrinin və məlumat mərkəzlərinin fəal inkişafını davam etdirməli, qlobal kibertəhlükəsizlik standartlarını tətbiq etməli, mütəxəssislərimizin səriştəsini artırmalıyıq”. Xatırladaq ki, 19 mart 2019-cu ildə “Azərbaycan Hökuməti ilə Qazaxıstan Hökuməti arasında Azərbaycanın və Qazaxıstanın rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” dövlətlərarası saziş imzalanıb və daha sonra hər iki ölkə rəhbərliyi tərəfindən təsdiq edilib. Layihə hər iki ölkə üçün strateji vacib layihə olacaq və Avropa ilə Asiya arasında tranzit ehtiyaclarını tamamilə ödəyəcək. Transxəzər Fiber-Optik kabel xətti layihəsi 2018-ci ildə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkəti tərəfindən irəli sürülüb. “AzerTelecom” şirkəti Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. “Azerbaijan Digital Hub” proqramı çərçivəsində icra olunan layihə iki marşrutdan Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutlarından ibarətdir.
Layihənin icrası çərçivəsində Azərbaycan-Qazaxıstan istiqaməti üzrə artıq beynəlxalq konsaltinq şirkətləri tərəfindən dəniz dibinin ilkin texniki araşdırılması aparılıb, layihənin texniki tələbləri tərtib olunub, təchizatçı seçimi üzrə tender prosesi yekunlaşıb. Kabel marşrutlarının sxemi, kabel stansiyalarının Azərbaycan və Qazaxıstan sahillərində qurulacaq torpaq yerləri müəyyən olunub. “Rəqəmsal İpək Yolu” layihəsinin Asiya seqmentini Avropaya bağlayacaq Azərbaycan hissəsində də icra işləri sürətlə davam edir. Onu da qeyd edək ki, “Rəqəmsal İpək Yolu” Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirəcək müasir fiber-optik tranzit xəttinin yaradılması məqsədi ilə həyata keçirilən innovativ rəqəmsal infrastruktur layihəsidir. “Rəqəmsal İpək Yolu” layihəsinin icrasının müxtəlif mərhələlərinə “Detecon Consulting”, “DLA Piper”, “Axiom”, “PwC” və sair nüfuzlu beynəlxalq konsaltinq şirkətləri cəlb olunub. Layihənin icrası ölkəmizin beynəlxalq imicinin, biznes mühitinin, iqtisadi inkişaf göstəricilərinin və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşmasına töhfə verəcək, Asiya ilə Avropa arasında çoxterabitli həcmdə məlumatların ötürməsini təmin edəcək. Layihənin Qafqaz, Mərkəzi və Cənubi Asiya da daxil olmaqla bütün regionda rəqəmsallaşmanın inkişaf etdirilməsində və rabitənin daha geniş yayılmasında mühüm rol oynayacağı gözlənilir. Eyni zamanda, “Rəqəmsal İpək Yolu” layihəsi regionun “Google”, “Amazon”, “Netflix” və digər qlobal şirkətlər üçün potensial fəaliyyət istiqamətinə çevrilməsinə imkan yaradır. “Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq və regional səviyyədə diqqət mərkəzindədir. Hazırda Türk Dövlətləri Təşkilatı tərəfindən layihəyə mühüm maraq var. “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”nda da Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin icrasının sürətləndirilməsi, Avropa ilə Asiya arasında yüksək ötürmə gücünə sahib olacaq fiber-optik internet xəttinin qurulması prioritet vəzifə olaraq qeyd olunub. Layihə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib. Onun icrası Azrbaycana çoxsaylı üstünlüklər vəd edir.
Ramil QULİYEV