"Novostroyka"ların qarajlarında qiymət kəskin qaldırıldı - 250 manat...
Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Qiymət artımı tək parklanma məntəqələrində deyil, çoxmənzilli yaşayış binalarının zirzəmilərində də müşahidə olunur. Yeni tikili binalarda yaşayan sakinlər bununla bağlı narazılıq edir.
Məlumata görə, parklanma yeri olan yeni tikililərdə aylıq icarə qiyməti 200 manatdan 250 manata çatıb. Parklanma qiymətinin qalxması sakinləri çarəsiz vəziyyətə salıb. Aylıq icarə haqqı baha olduğundan, onlar avtomobillərini yaxınlıqdakı ərazilərdə saxlamalı olurlar.
Elnur Fərzəliyev: “Çoxmənzilli binaların parklanma qiyməti elə həddə qoyulmalıdır ki, sakinlər avtomobillərini yeraltı dayanacaqlarda saxlaya bilsin”
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yeni inşa olunan çoxmənzilli binaların parklanma qiyməti elə həddə qoyulmalıdır ki, sakinlər avtomobillərini yeraltı dayanacaqlarda saxlaya bilsin: “Tikinti şirkətləri və özəl mülkiyyətçilər icarə haqlarını müəyyən etməkdə sərbəstdirlər. Bununla belə, ən azı binada yaşayan sakinlərə güzəştlər edilməlidir. Özəl parklanma qiymətləri ilə bağlı konkret tariflər olmadığından, mülkiyyətçilər və MTK-lar binanın yerləşdiyi zonaya əsasən sərbəst qiymət müəyyən edirlər. Yaşayış binalarında sakinlərə güzəştlər edilməlidir. Çünki 250-300 manat dayanacaq qiyməti çox fantastik məbləğdir. Az qala kirayə ev qiymətinədir. Təbii ki, hər sakinin bu qiyməti ödəyib avtomobilini yeraltı dayanacaqda saxlamağa maddi imkanı çatmayacaq. Ona görə də, binanın yeraltı dayanacağı olsa da, sakinlər avtomobillərini həyətdə, yaxud yol kənarlarında saxlayırlar. Mənzil mülkiyyətçiləri ilk növbədə çoxmənzilli binanın layihə sənədinə diqqət yetirməlidirlər. Əgər sözügedən sənəddə zirzəmi hissəsi avtodayanaq kimi layihləndirilibsə və binanın mülkiyyətidirsə, sakinlər özləri yığışıb tarif müəyyən edə bilərlər. Amma özəl mülkiyyətdirsə, sakinlərin qoyulmuş qiymətlə razılaşmaqdan başqa çıxış yolu yoxdur".
Fərid Həşimov: “Qarajların qiymətləri elə tənzimlənməlidir ki, vətəndaş avtomobilini başqa yerdə saxlamağa məcbur olmasın”
Nəqliyyat eksperti Fərid Həşimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, çoxmənzilli yaşayış binalarının zirzəmilərində parkinq qiymətinin artması binaların qarşısında park edilən avtomobillərin sayının artmasına səbəb olacaq. Beləliklə, yaşayış məhəllələrində, yollarda tıxac yaranacaq: “Qarajların qiymətləri də elə tənzimlənməlidir ki, vətəndaş avtomobilini başqa yerdə saxlamağa məcbur olmasın. Bakıda isə parklanma yerlərinin sayı tələbata uyğun deyil. Ona görə də yeni avtoparklar yaradılmalıdır".
Günel CƏLİLOVA