“Söz verirəm ki, xalqa vəd etdiklərimi unutmayacağam” - Pezeşkian
Qabil Hüseyinli: "Pezeşkianın adı prezident olsa da, tamamilə dini elitadan asılı bir məmurdur"
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian seçki kampaniyasında evində Azərbaycan dilində danışdığını etiraf etməsi, Məhəmməd Hüseyn Şəhriyarın şeirlərindəpn parçalar söyləməsi ilə yadda qaldı. Pezeşkianın bu davranışları nəinki seçicilərində, hətta Azərbaycan vətəndaşlarında da ümid yaratmışdı ki, bu iki qardaş xalqların dövlətləri arasında münasibətlərin inkişafına münbit şərait yarana bilər.
Lakin bunlar cənab Pezeşkianın seçki kampaniyasının yalnız görünən tərəfidir. Reallıqda isə İran İslam Respublikasında seçkilərin taleyi namizədlərin qeydə alınması prosesində həll edilir. Rejimə sərf etməyən, uyğun olmayan namizəd qeydiyyatdan keçmir. Qeydiyyattdan keçən namizədlər arasından isə kimin seçilməsi rejim üçün o qədər də maraqlı olmur. İranda seçki günü hər hansı bir seçki pozuntusu qeydə alınmır, buna cəsarət edən isə ağır cəzaya məruz qalır. Bu baxımdan M.Pezeşkianın, yaxud da onun opponentlərindən kiminsə qalıb gəlməsinin cəmiyyət üçün də ciddi əhəmiyyəti yoxdur. Əslində ölkənin rəhbəri ali dini liderdir, prezident isə hökumət rəhbəridir. Ali dini liderin razılıği olmayan hər hansı bir addım atıla bilməz. Məsələn, M.Pezeşkian bir neçə həftə əvvəl hökumət üzvlərinin siyahısını ali dini liderin təqdim etdiyi barədə informasiya yayılmışdi. Ali dini liderin təsdiqlədiyi şəxslər nazir postuna əyləşə bilməz.
Dünən axşam dövlət televiziyasında ilk dəfə xalq qarşısında çıxış edən İran prezidenti Məsud Pezeşkian müsahibə əsnasında bildirib ki, Dövlət Radio-Televiziyasında çıxış etmək istəsə də, ona deyiblər ki, protokola əsasən müsahibə Prezident Administrasiyasında aparılmalıdır. Bu da ali dini liderin təsdiqlədiyi protokol qaydadır.
Müsahibəsində Məsud Pezeşkian prezident seçkiləri zamanı xalqa verdiyi sözlərə toxunaraq, “Mən xalqın etimadına görə təşəkkür edirəm və söz verirəm ki, dediklərimi unutmayacağam”, - deyə əlavə edib (İSNA). Buyurun, Pezeşkian cəsarət edə bilmir desin ki, vədlər yerinə yetirəcək, yalnız o vədləri yadda saxlayacağına söz verir.
Məsələyə politoloq Qabil Hüseynlinin mövqeyini öyrəndik. Q.Hüseyinli bildirdi ki, İranda milli mənsubiyyət dövlət siyasətini müəyyən eləmir: "Dövlət siyasətini bir çox amillər formalaşdırır. Pezeşkianın adı prezident olsa da, tamamilə dini elitadan asılı olan bir məmurdur. Xamneinin hər hansı bir göstərişi Pezeşkian üçün direktivdir. Düzdür, Pezeşkian türk dilində təhsilin təşkilini vəd etmişdi. Amma SEPAH imkan verəcəkmi? SEPAH Xamneiyə təsir imkanlarına malikdir, prezident isə Xamneiyə tabedir. Buna görə də o cür məsələlər həll edilə bilmir. Zənnimcə, Iran mürəkkəb ölkədir, çoxmillətli dövlətlərdə milli məsələlərin tənzimlənməsi də o qədər asan məsələ deyil. Ona görə də Pezeşkianın SEPAH qarşısında davam gətirəcəyini güman etmək çox çətindir. İran dini-teokratik-millətçi bir dövlətdir, ölkədə fars-şovinist rejimi hakimdir. Ona görə də Pezeskianın öz iradəsi ilə təşəbbüsdə bulunmaq imkanı yoxdur. Bu səbəbdən də Pezeşkiyanın seçki vədlərinin doğrulacağı inandırıcı görünmür".
Dəniz NƏSİRLİ