Çin mediası Azərbaycanda keçirilən parlament seçkilərindən yazdı
Azərbaycanda sentyabrın 1-də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilər Çin mediasının da diqqət mərkəzində olub. Belə ki, dünyanın ən nüfuzlu xəbər agentliklərindən biri olan Sinxuanın “Azərbaycanın hakim partiyası parlamentdə üstünlüyünü qoruyub” sərlövhəli məlumatında Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə 68 yer qazandığı qeyd olunub. Bildirilib ki, Mərkəzi Seçki Komissiyası 5895 məntəqə üzrə səsvermənin ilkin nəticələrini açıqlayıb. Səsvermədə seçici fəallığının 37,27 faiz təşkil etdiyi qeyd olunub.
Çin Mərkəzi Televiziyasının (CCTV) internet səhifəsində, Çin Kommunist Partiyasının rəsmi nəşri olan “Jenmin Jibao” qəzetində, dünya üzrə milyonlarla oxucusu olan nüfuzlu “China Daily” qəzetinin internet səhifəsində, digər nüfuzlu xəbər portallarında mövzu ilə bağlı materiallarda da növbədənkənar parlament seçkisində Yeni Azərbaycan Partiyasının qələbəsindən söz açılıb.
Qeyd edək ki, Çin mediası sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərin gedişi haqqında operativ xəbərlər yayıb. Həmin xəbərlərdə səsvermə hüququ olan seçicilərin, seçki məntəqələrinin, namizədlərin sayı haqqında məlumat verilib, səsvermə prosesini 600-ə yaxın xarici müşahidəçinin izlədiyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Bakı şəhərindəki seçki məntəqəsində səs verdikləri diqqətə çatdırılıb.
Mətləb Salahov