Papa Fransisk ən uzun apostol səfərinə çıxır
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk sentyabrın 2-dən 13-dək Asiya və Okeaniya arasında ən uzun apostol səfərinə yola düşür. Müqəddəs Taxt-Tacın sözçüsü Matteo Bruni pontifikin dörd ölkəni ziyarət edəcəyi səfərin təfərrüatından danışıb.
O bildirib ki, Roma Papası İndoneziya (2-6 sentyabr), Papua Yeni Qvineya (6-8 sentyabr), Timor-Leste (8-10 sentyabr) və Sinqapura (10-13 sentyabr) səfər edəcək. Fransisk səfər çərçivəsində sülh və yaradılış kimi müxtəlif mövzularda italyan və ispan dillərində 16 çıxış edəcək, Cakartada imamla birgə bəyannamə imzalayacaq.
Matteo Bruni on iki günlük səfərin 87 yaşlı pontifikin sağlamlığı üçün hər hansı narahatlıq yaratmadığını qeyd edib.
Mətləb Salahov