Kilsənin yerində məscid tikmirik, 30 il əvvəl üstündə kilsə tikilmiş məscidi bərpa edirik - erməni yalanına cavab...
Faiq Ələkbərli: “Ermənilərin Berdzor kilsəsinin yerində məscid tikilməsi barədə yaydığı məlumat doğru deyil”
"Azərbaycan hakimiyyəti dağıdılmış Berdzor kilsəsinin yerində məscid tikir". Bu barədə erməni mətbuatı məlumat yazıb.
Qeyd olunur ki, hələ 2022-ci ilin sentyabrında Dövlət Şurası kilsəni məscidə çevirmək istəyib: "Artsaxın Kaşatağ rayonunun Berdzor şəhərindəki Surb Ambartsum (Müqəddəs Merac) erməni kilsəsinin tamamilə dağıdılması 2024-cü ilin mayında məlum olub”.
Ancaq qeyd etmək lazımdır ki, 1992-ci ildə ermənilər Laçını işğal edəndən sonra azərbaycanlılara məxsus məscidi söküblər. 1996-cı ildə sökülən məscidin yerində adıçəkilən kilsəni tikiblər. 1998-ci ildə isə həmin kilsənin açılışı olub. Torpaqlar işğaldan azad olunandan sonra Azərbaycan hökuməti ermənilərin dağıtdığı məscidi bərpa edir, kilsə dağıtmır.
“Azərbaycan hər zaman öz ərazisindəki abidələrə hörmət və qayğı ilə yanaşıb”
AMEA Fəlsəfə və sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan hər zaman öz ərazisindəki abidələrə hörmət və qayğı ilə yanaşıb: "Söhbət tək islam dininə aid olan abidələrdən getmir, xristian və digər dinlərə aid abidələrə də eyni dərəcədə qayğı göstərilir. Azərbaycan ərazisində hansısa ölkənin abidəsinə qarşı vandallıq aktı qeydə alınmayıb. Xristian və iudaizm dininə aid abidələr qorunub, bərpa edilib. Qarabağ ərazisində olan abidələr dövlətin qayğısı altındadır. Bu baxımdan ermənilərin Berdzor kilsəsinin yerində məscid tikməsi barədə yaydığı məlumat doğru deyil. Məlumat üçün bildirim ki, torpaqlarımız işğal altında olduğu zamanda Azərbaycana aid məscid erməni terrorçuları tərəfindən kilsəyə çevrildi".
Həmsöhbətimiz onu da əlavə etdi ki, Qarabağ ərazisində olan bir çox xristian abidələri Azərbaycan tərəfindən bərpa edilib. Danılmaz faktdır ki, ermənilər məscidlərin yerində kilsə tikib. Bunlardan biri də Berdzor kilsəsidir. Həmin yerdə məscidin bərpa olunması təbiidir. Bunun başqa yerə yozulmasının heç bir mənası yoxdur. Azərbaycana aid tarixi abidənin yenidən bərpa olunması təbii qarşılanmalıdır.
Günel CƏLİLOVA