Liviyada neft-qaz hasilatı dayandırıldı - 3 gündə 120 milyon dollar ziyan...
Liviya Milli Neft Şirkəti Nümayəndələr Palatasının (HOR) neft və qaz quyularını hasilata bağlanmasından sonra 3 gündə ölkəyə 120 milyon dollardan çox zərər dəydiyini açıqlayıb.
"Neft və təbii qaz hasilatının dayandırılacağı elanından yaranan zərər, hasilatın 3 gün əvvəl dayandırılmasından bu yana 120,3 milyon dolları keçib" – deyə şirkətdən bildirilib.
Liviyanın şərqindəki Nümayəndələr Palatasının seçdiyi hökumət Mərkəzi Bankın idarəçiliyi ilə bağlı fikir ayrılıqları səbəbindən avqustun 26-da bütün neft yataqlarında, limanlarda və qurumlarda “fors-major” elan etdiyini, hasilatı və ixracı dayandırmaq qərarına gəldiyini açıqlayıb.
Xatırladaq ki, Liviya Mərkəzi Bankı avqustun 18-də İnformasiya Texnologiyaları üzrə menecer Musab Müslümün oğurlanması səbəbindən bütün əməliyyatlarını dayandırdığını açıqlayıb. Liviya Prezident Şurası isə avqustun 18-də, Liviya Mərkəzi Bankına yeni rəhbər seçilməsi və yeni idarə heyətinin yaradılması ilə bağlı qərarın qüvvəyə minməsinə yekdilliklə qərar verildiyini açıqlayıb. Açıqlamada bu qərarın ölkədə maliyyə-iqtisadi sabitliyin təmin edilməsi, Mərkəzi Bankın üzərinə düşən vəzifələri səmərəli və təsirli şəkildə yerinə yetirməsi, maliyyə xidmətlərinin davamlılığının təmin edilməsi məqsədilə qəbul edildiyi vurğulanıb.
Nümayəndələr Palatası isə avqustun 19-da Liviya Prezident Şurasının qəbul etdiyi qərarı rədd etdiyini bildirib.
TAHİR