İrandan İsrailə yeni hücum mesajı - ABŞ ordusu da hazır gözləyir...
Bir müddətdir HƏMAS lideri Haniyənin Tehranda öldürülməsindən sonra bütün dünyanın diqqəti İranın İsrailə reaksiyasına yönəlib. İntiqam hücumunun həftələrdir həyata keçirilməməsi “İran qisas almaqdan əl çəkibmi?” sualını gündəmə gətirmişdi. Ancaq İran yeni açıqlaması ilə hücumdan əl çəkmədiklərini bəyan edib.
Belə ki, İranın xarici işlər naziri Abbas Erakçi İngiltərə və fransalı həmkarlarına ölkəsinin müharibənin bölgədə yayılmasını istəmədiyini, lakin İsrailə cavab vermək hüququndan da əl çəkməyəcəyini açıqlayıb.
İngiltərə və Fransanın regionda gərginliyin azaldılmasında rol oynaması çağırışına cavab verən İranın xarici işlər naziri, Haniyyənin öldürülməsini İranın milli təhlükəsizliyi və suverenliyinin bağışlanmaz pozulması kimi qəbul etdiklərini deyib və İranın "İsraili cəzalandırmaq hüququna malik olduğunu" bildirib.
Pentaqonun mətbuat katibi general-mayor Pat Rayder isə, Birləşmiş Ştatların İran və onun müvəkkillərinin hücum planlarını izləməkdə davam etdiyini, İsraili müdafiə etmək, ABŞ personalını və obyektlərini qorumaq üçün bölgədə yaxşı mövqedə olduğunu deyib.
Bundan iki gün əvvəl ABŞ-ın nəhəng təyyarədaşıyan gəmisi də bölgəyə gətirilib.
Hazırda bölgədə gərgin gözləntilər davam edir.
TAHİR