İran COP29 müzakirələrinə təxribatçı mövzu hazırlayır...
Məhərrəm Zülfüqarlı: “Neçə illərdir Azərbaycan ekoloji normalara uyğun olaraq Xəzərdən neft hasil edir”
İranın Su Federasiyasının rəsmisi Məhəmməd İbrahim Rəisi Azərbaycana qarşı əsassız iddialar səsləndirib. O qeyd edib ki, Azərbaycanın neft hasilatı Xəzər dənizinin çirklənməsinə, dənizdə balıqların azalmasına səbəb olub.
İran rəsmisinin sözlərinə görə, bu məqam Azərbaycanla ciddi şəkildə müzakirə edilməlidir: “Biz bu il Bakıda ən mühüm iqlim dəyişikliklərinin müzakirə oluncağı COP29-un yaratdığı fürsətdən istifadə edərək bu məsələni qaldırmalıyıq”.
Maraqlıdır, İran rəsmisində hardandır belə fakt ki, həqiqətən də Xəzəri neftlə çirkləndirən Azərbaycandır? Məgər Xəzərdə yalnız Azərbaycan neft hasil edir? Məgər o bilmir ki, Xəzərin əsl problemi başqadır? Yoxsa belə əsassız fikirlərlə İran COP29-a yönəlik təxribat hazırlayır?
“COP29 ərəfəsində belə məsuliyyətiz açıqlama münasibətlərin korlanmasına xidmət edir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı bununla bağlı bir sıra məqamlara toxundu: “İranla Azərbaycanın münasibətlərinin korlanmasında xarici qüvvələr amili var. Bu aydındır. Lakin çox təəssüf ki, İran daxilində müəyyən qüvvələr pozuculuqla məşğuldular. Nəzərə almaq lazımdır ki, iki dövlət arasında münasibətlərin korlanması tərəflərin heç birinə sərf etmir. Əsasən kənar qüvvələr iki ölkə münasibətlərini pozmağa çalışır. Nəyə görə? 44 günlük müharibə və qələbədən sonra İsrail məsələsi ortaya atıldı. Çox ciddi cəhdlə İran-Azərbaycan münasibətlərini korlamağa, iki ölkə arasında münasibətləri düşmənçilik səviyyəsinə gətirməyə cəhd etdilər. Müsbət hal odur ki, hər iki dövlət başçısı bu təxribatlara getmədi və hətta Araz dəhlizi ilə bağlı müqavilə imzaladılar. Deməyim odur ki, tərəflər sağlam məntiqlə yanaşmasaydılar, vəziyyət başqa istiqamətdə inkişaf edə bilərdi. Müəyyən böyük güclər maraqlı idilər ki, İranla Azərbaycan arasında konfrontasiya böyüsün. Lakin buna nail ola bilmədilər. İranın Su Federasiyasının rəsmisinin fəkirlərinə gəldikdə isə, deyilənlərin əsası yoxdur. Ona görə ki, neçə illərdir Azərbaycan ekoloji normalara uyğun olaraq Xəzərdən neft hasil edir. Azərbaycan bu məsələdə daha həssasdır. O baxımdan yaxşı olardı ki, bir az diqqətli olsun. Ən azından ona görə ki, o, rəsmi qurumun təmsilçisidir. Baxmalıdır ki, İranı, Azərbaycanı istəməyən qüvvələr nə deyir, ondan sonra hansısa fikir bildirməlidir. Noyabrda Bakıda keçiriləcək böyük bir tədbir ərəfəsində belə məsuliyyətsiz açıqlamalardan qaçmaq lazımdır. İranın özü də neft hasilatçısıdır. Özü də neftini körfəzdə hasil edir. COP29 ərəfəsində belə məsuliyyətiz açıqlama münasibətlərin korlanmasına xidmət edir. Bu da xarici qüvvələrin maraqlarına cavab verir. Yəqin Məhəmməd İbrahim Rəisi də xarici qüvvələrə işləyir və onların marağından çıxış edir. Yaxşı olardı ki, belə mənfi fikirlərdənsə, iki ölkə arasında Araz çayı üzərində tikilən yeni su anbarlarından danışsınlar. Əməkdaşlıqdan, yeni layihələrdən danışsınlar. O zaman biləcəyik ki, bunlar İranı istəyir və bu ölkənin maraqlarından çıxış edir”.
Vidadi ORDAHALLI