Vətənin unudulmaz oğlu - İntiqam Əsgərli
Vətən, torpaq sevgisi ilə şəhidlik zivəsinə ucalan İntiqam Bayram oğlu Əsgərli 1990-cı ildə Masallı rayonunun Viləş kəndində dünyaya göz açıb. Milyonların ürəyində özünə əbədi yer edən bu Vətən sevdalısını bütün Azərbaycan özünə ən ləyaqətli oğul bilir. İntiqam cismən aramızdan getsə də, bizim üçün iftixar mənbəyi, quru yeri olaraq həmişə ehtiramla xatırlanır. Bəli, şəhidlik ən uca zivədir, belə bir şərəfə nail olanlar isə heç zaman ölmürlər.
Elə bu sözlər də Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri iştirakçısı, şəhid İntiqam Əsgərlinin mövlud günündə masallılıların dilindən səsləndi. Qisa həyat yolu gələcək nəsillərə örnək olan, ölümsüzlüyə qovuşan qəhrəmanının 34 yaşı tamam oldu. El-oba tərəfindən ziyarət edilən məzarına güllərdən çələng hörüldü. Bir daha bildirildi ki, Vətənin yaşaması, xalqın xoş gələcəyi naminə sinəsini qabağa verib şəhidlik zirvəsinə ucalan qəhrəmanları yad etmək, xatirəsini daimi əziz tutmaq bizim ən müqəddəs borcumuzdur.
İndi adı xalqımızın qəhrəmanlıq simvolu kimi çəkilən, dövlət tərəfindən “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Qüsursuz xidmətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi” medallarla təltif edilən, ölümündən sonra isə, “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Şuşanın, Xocavəndin və Kəlbəcərin azadlığına görə medallarına layiq olan İntiqam Əsgərli yağıya öz gücünü Aprel döyüşlərində göstərib. O, Talış kəndi istiqamətində gizir qardaşı Nurlan Əsgərli ilə birlikdə savaşıb. Erməni dığalarına qan uddurub, mərdliyi, Vətənə sevgisi çiyin yoldaşlarına nümunə olub. Onlar, həmçinin döyüş meydanından şəhidlərimizin, polkovnik Vüqar Yusifovun və polkovnik-leytenant Raquf Orucovun nəşini çiyinlərində daşıyıblar. 4 aprel 2016-cı ildə gizir Nurlan həlak olub və İntiqam qadasının cansız bədənini özü odun-alovun içindən çıxarıb.
Vətəni canından əziz bilən gizir İntiqam Əsgərli 44 günlük haqq savaşımızda isə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Neçə-neçə ağır sınaqlardan üzüağ çıxaraq, yağıya ciddi itkilər verib. Azərbaycanın üçrəngli ay-ulduzlu qələbə bayrağını Şuşanın üzərində dalğalandıranların önündə olub. Noyabrın 9-da qəfil atılan düşmən güləsi onun cavan ömrünə son qoyub.
O da məlum olsun ki, şəhər 3 saylı məktəb, mərkəzi küçələrdən biri şəhid İntiqam Əsgərlinin adınadır. Özündən sonra xalqına əmanət qoyduğu Nur adlı qızı və İntiqam adlı oğul övladları var.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü