"Qalib gəlsək, Konfrans Liqasının qrupunu təmin edəcəyik" - Qurban Qurbanov
"Doğma Bakımızda, doğma stadionumuzda ilk oyunumuzu oynayacağıq. Pis hazırlaşmadıq. Rəqibi daha yaxından tanıdıq. Bu komanda çox bacarıqlı müdafiə olunur". Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Linkoln"la cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.
O,Cəbəllütariq təmsilçisi ilə görüşə çox ciddi hazırlaşdıqlarını bildirib: "İlk matça baxıb, analiz etmişik. Baxımlı oyun oynamağa çalışacağıq. Bilirik ki, qalib gəlsək, Konfrans Liqasının qrupunu təmin edəcəyik. Çox ciddi hazırlaşırıq. Futbolçularımın ümumi hazırlığı pis deyil. Azarkeşlər üçün baxımlı matç olacaq. Hansısa narahatlığa ehtiyac yoxdur."
Qeyd edək ki, "Qarabağ" - "Linkoln" matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Komandalar arasında Cəbəllütariqdə keçirilən ilk görüşdə "Qarabağ" 2:0 hesablı qələbə qazanıb.
Mətləb