ABŞ-dan İsrailə xəbərdarlıq - Qəzzada əhalinin yerdəyişməsinə yol verilməməlidir...
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İsrailə Qəzza zolağının cənubunda mülki əhalinin yerdəyişməsinə yol verməməsi ilə bağlı xəbərdarlıq edib. Bu barədə “Associated Press” ABŞ rəsmilərinə istinadən xəbər verir.
Onların sözlərinə görə, Vaşinqton bildirib ki, İsrail hərbçiləri quru əməliyyatını davam etdirərkən anklavın cənubunda daha dəqiqliklə hərəkət etməli olacaqlar.
ABŞ administrasiyasının nümayəndələri, həmçinin qeyd ediblər ki, İsrail tərəfinin əməliyyatları humanitar yardım obyektlərinin, bomba sığınacaqlarının və digər infrastrukturun fəaliyyətini davam etdirə biləcəyi şəkildə aparacağını gözləyirlər.
Bundan başqa, Ağ Evdən bildirilib ki, ABŞ bu gün Misirə Qəzzanın mülki əhalisi üçün nəzərdə tutulmuş dərman, qida məhsulları və qış əşyalarından ibarət humanitar yardımın birinci partiyasını aparan təyyarə göndərəcək.
İsrailin müdafiə naziri Yoav Qalant bazar ertəsi bildirmişdi ki, İsraillə HƏMAS arasında humanitar atəşkəs başa çatdıqdan sonra İsrail Müdafiə Ordusu Qəzza zolağının bütün ərazisində əməliyyat aparacaq.
ZÜMRÜD