Ermənilər minaların 70 faizini bilirsiz harada basdırıblar? - Dəhşətdir...
Mübariz Göyüşlü: “Erməni vandalizminə qarşı beynəlxalq ictimaiyyət səsini ucaltmalıdır”
“Mina hadisələrinin təxminən 70 faizi keçmiş təmas xəttindən kənarda olan ərazilərdə baş verib”. Bu sözləri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mina hər yerdə var: “Mina hadisələrinin təxminən 70 faizi keçmiş təmas xəttindən kənarda olan ərazilərdə baş verib. Bu o deməkdir ki, məntiqsiz olaraq hərbi əməliyyatların aparılmadığı hallarda da minalar basdırılıb”.
“Ermənistan mina terrorunun qurbanı olan şəxslərin ailələrindən üzr istəməli və onlara kompensasiya ödəməlidir”
Mövzu ilə bağlı fikir bildirən Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, bu, erməni vandalizminin göstəricilərindən biridir: “Ermənilər Qarabağı işğal etməklə qalmayıb, mülki əhaliyə də maddi-mənəvi ziyan vurublar. Ermənilər bununla kifayətlənməyib torpaqlarımızı da mina ilə çirkəndiriblər. Nəticədə yüzlərlə vətəndaşımız mina qurbanı olub. Hərbi və mülki şəxslər mina terrorunun qurbanı olub. Çox təəssüf ki, mina təhlükəsizliyindən, haqq və ədalətdən danışan beynəlxalq siyasi təşkilatlar, xarici mütəxəssislər bu məsələdə susqunluq nümayiş etdirir. Fransa kimi dövlətlər utanmasa, bu məsələdə də ölkəmizi ittiham edərlər ki, biz öz torpağımıza mina basdırmışıq”.
Həmsöhbətimiz hesab edir ki, erməni vandalizminə qarşı beynəlxalq ictimaiyyət səsini ucaltmalıdır: “Məlumdur ki, ermənilərin təqdim etdiyi mina xəritəsi düzgün deyildi. Təəssüf ki, beynəlxalq ictimaiyyət məlum məsələdə ölkəmizə dəstək olmadı. Qardaş ölkə Türkiyə və digər dost ölkələr mina terroru ilə bağlı ölkəmizə köməklik edib. Mina məsələsi beynəlxalq ictimaiyyətin daim diqqətində olmalıdır. Xarici ölkələr, beynəlxalq təşkilatlar məlum məsələ ilə bağlı Ermənistanın üzərinə getməlidir”.
M.Göyüşlü onu da əlavə etdi ki, Ermənistan mina terroru ilə bağlı Azərbaycana kompensasiya ödəməlidir. Ermənistan mina terrorunun qurbanı olan şəxslərin ailələrindən üzr istəməli və onlara kompensasiya ödəməlidir.
Günel CƏLİLOVA