ABŞ-dan Bakı-İrəvan sazişinə dair yeni müəmma - nə kompromis?..
Afsəddin Nəbiyev: “Hər iki tərəfin çətin seçim etmələri barədə fikirləri bizim üçün qəbuledilməzdir”
Dövlət Departamentinin mətbuat katibi Metyu Miller NATO sammiti çərçivəsində dövlət katibi Entoni Blinkenin azərbaycanlı və erməni həmkarları ilə görüşünün nəticələrilə bağlı sualları cavablandırarkən bildirib ki, hər iki tərəf çətin seçim etməlidir:
“Biz irəliləyişə nail olduq. Detalları açıqlamayacağam. Hələlik saziş yoxdur, ancaq buna nail olana qədər sakitləşməyəcəyik. Biz düşünürük ki, sövdələşmə mümkündür, lakin hər iki tərəf çətin seçim etməli və çətin kompromislərə getməlidir. Biz onları bu son fikir ayrılıqlarını həll etməyə və sazişə nail olmağa çağıracağıq”.
ABŞ rəsmisi “hər iki tərəf çətin seçim etməli və çətin kompromislərə getməlidir” deyərkən Ermənistanla bağlı məqamları anladıq. Çünki Ermənistan Konstitusiyasını dəyişməlidir, ərazi iddiaları oradan çıxarılmalıdır. Yaxşı, bəs Azərbaycanla bağlı çətin seçimlik və kompromislik nə var ki? Azərbaycanı da buna şərik etmək nə dərəcədə əsaslıdır?
“Azərbaycan tərəfdən heç bir kompromisdən söhbət gedə bilməz”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Vaşinqtonun belə yanaşması obyektivlikdən uzaqdır: “Əvvəlcə qeyd edim ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin "Biz irəliləyişə nail olduq" açıqlamasının detalları məlum deyil. Güman edirəm ki, irəliləyiş dedikdə bəlkə də son aylarda Ermənistan və Azərbaycan rəsmilərinin üçüncü tərəf olmadan görüşmələri nəzərdə tutula bilər. Bunu həqiqətən də irəliləyiş kimi qəbul etmək olar. Hər iki tərəfin çətin seçim etmələri barədə fikirləri bizim üçün qəbuledilməzdir. Azərbaycan tərəfdən heç bir kompromisdən söhbət gedə bilməz. Sazişə nail olmağın yolu Azərbaycan tərəfindən erməni rəsmilərinə açıq şəkildə çatdırılıb. Əvvəlcə Ermənistan tərəfi avantüraya, işğalçılıq müddəalarına əsaslanan konstitusiyalarına dəyişiklik etməlidir. Zəngəzur dəhlizini qeyd-şərtsiz olaraq açmalıdır və son 36 ildə Azərbaycana vurduğu milyardlarla dollar ziyanın ödənilməsini öz öhdəsinə götürməlidir. Məsələ bu qədər sadədir. Qaldı ki, Azərbaycan tərəfinin kompromisə getmək fikirlərinə, Azərbaycan tərəfinin 28 il Ermənistan tərəfə müharibə olmadan sülhə gedək çağırışları ən böyük güzəşt hesab olunmalıdır. Bəs bu kompromis deyil nədir? Bütün bunları ABŞ rəsmiləri çox gözəl bilir. Məsələnin əsl mahiyyəti ondan ibarətdir ki, istər ABŞ olsun, istərsə də digər dövlətlər, onların əsas məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. Bu prosesi Ermənistan vasitəsilə etmək istəyirlər. Hazırkı situasiyada bu addımlar çox risqlidir. Tam əminliklə söyləyə bilərəm ki, bütün bu dediklərim bizə qarşı təhdid yarada biləcək istənilən çirkin niyyətlərin qarşısı, hansı dövlət tərəfindən olmasından asılı olmayaraq, dövlətimiz tərəfindən alınacaq”.
Vidadi ORDAHALLI