Rusiyadan Cənubi Qafqazla bağlı ABŞ-a xəbərdarlıq - regionda münaqişə ocaqları yaradacaqlar...
Ermənistanda ABŞ-la keçirilən “Qartal tərəfdaş 2024” təlimi ilə bağlı açıqlama verən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu təlimin bölgədə ikinci dəfə keçirildiyini xatırladıb.
Zaxarova, xüsusən də İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini faktiki olaraq dondurmasını və təşkilata qarşı açıq tənqidini nəzərə aldıqda, bu təlimin "son dərəcə narahatlıq doğurduğunu" deyib.
O, bildirib ki, Qərbin regionda əsas məqsədi öz geosiyasi layihələrini həyata keçirmək üçün tramplin yaratmaqdır: “Bunu etmək üçün hazırda regionda genişlənən bütün sülhsevər tendensiyaları aradan qaldırmalı, region ölkələrini bir-biri ilə üz-üz qoymaları, həm Bakının, həm də İrəvanın bəyan etdiyi siyasi niyyətlərin möhkəmlənməsinin qarşısını almalıdırlar. İndi bu kövrək tarazlığı pozmaq üçün həm ABŞ, həm də NATO oraya yaxınlaşırlar”.
ABŞ-ın Ermənistandakı təlimlərdə iştirakı və bölgədəki vəziyyətlə bağlı xəbərdarlıq edən Zaxarova deyib ki, amerikalıların Cənubi Qafqazda peyda olması, dünyanın müxtəlif yerlərində dəfələrlə müşahidə etdiyimiz kimi, sədəcə regionda qarşıdurma risqi yaradacaq: "Onlar həm də münaqişə ocaqları yaradacaqlar".
Qərbin Ermənistanı çılğıncasına Cənubi Qafqazda müxtəlif əməkdaşlıq formalarına sürüklədiyinə diqqət çəkən Zaxarova deyib ki, onlar Ermənistanı nəinki Cənubi Qafqazda, həm də onun ətrafında Rusiyaya, İrana və hətta Türkiyəyə qarşı öz himayəsi altında təlim və proqramlarına daxil edərək NATO silahlı qüvvələri standartlarını Ermənistana tətbiq edirlər. Bu, Ermənistanın bütün təhlükəsizlik sisteminin pozulmasına yol açır və bunun nəticəsində qərblilər Ermənistanın daxili və xarici siyasətində əlavə təsir imkanı əldə edirlər.
Mətbuat katibi əlavə edib ki, Rusiya Ermənistanın təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, həmişə müttəfiqlik öhdəliklərinə sadiq olub və bu belə də qalacaq.
TAHİR