Göyçayda 1 gündə vətəndaşlardan 8 odlu silah götürüldü
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat və profilaktiki tədbirlər keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, son 1 gün ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində vətəndaşlardan ümumilikdə 8 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb.
Cari il ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən 2-si tapança, 1-i yivli “TOZ-8”, 24-ü isə ov tüfəngi olmaqla ümumilikdə 27 odlu silah götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində həmin 27 silahdan 5-ni vətəndaşlar könüllü şəkildə polisə təhvil veriblər.
Baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən bu istiqamətdə zəruri əməliyyat və profilaktiki tədbirlər davam etdirilir.
Mətləb