"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
Bu ay Zəngilanda beynəlxalq mina konfransı keçiriləcək. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbirdə bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda mina ilə bağlı beynəlxalq konfrans keçirilib və növbəti belə konfransın işğaldan azad edilmiş Zəngilanda təşkil olunması planlaşdırılır.
Ermənistanın 30 illik işğalı nəticəsində torpaqlarımızın 12 faizinin minalarla çirkləndiyini diqqətə çatdıran Hikmət Hacıyev deyib ki, mina partlayışları insanların həyatına son qoymaqla bərabər, keçmiş məcburi köçkünlərin də doğma yurdlarına rahat şəkildə qayıtmalarına mane olur.
Hikmət Hacıyev deyib ki, Azərbaycan minadan əziyyət çəkən ölkələrdəndir. Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur. Azərbaycanın minaların təmizlənməsi prosesində böyük dəstəyə ehtiyac duyduğunu qeyd edən Prezidentin köməkçisi bu məsələnin Avropanın təhlükəsizliyi üçün də vacib olduğunu vurğulayıb.
Hikmət Hacıyev qeyd edib ki, Qoşulmama Hərəkatı çərçivəsində minalardan əziyyət çəkən ölkələrin qrupu yaradılıb və Azərbaycan da bu qrupa daxildir.
Avropa Komandasının mina əleyhinə təşəbbüsünün əhəmiyyətindən danışan Prezidentin köməkçisi Avropa İttifaqının (Aİ) ölkəmizə dəstəyini yüksək qiymətləndirib. O, Aİ-nin yardımın əlaqələndirilməsi və praktiki surətdə həyata keçirilməsi üçün məsləhətləşmələrin vacibliyini vurğulayıb.
“Avropa İttifaqının bu təşəbbüsünün Azərbaycanla Aİ arasında əlaqələrə və ölkəmizin minalarla bağlı apardığı fəaliyyətə töhfə verəcəyinə inanırıq”, - deyə Hikmət Hacıyev əlavə edib.
ZÜMRÜD