Marketlər keyfiyyətsiz meyvə şirələri satır...
Meyvə şirələri hər kəsin menyusuna daxil olan və sevə-sevə içdiyi içkidir. Əksər insanlar şirə içmək istəyərkən şirənin dadından öncə onun təbiiliyi haqqında düşünür. Ancaq məlum məsələdir ki, heç bir meyvə şirəsi qatqısız həftələrlə mağazada qala bilməz.
Qeyd edək ki, son zamanlar meyvə şirələri ilə bağlı xoşagəlməz fikirlər yayılır. Iddia edilir ki, market və dükanlarda satılan meyvə şirələrin bir çoxu kiflənmiş və vaxtı keçmiş olur.
Eyyub Hüseynov: “Bəzi market və dükanlar elektrikə qənaət etmək üçün gecələr işığı söndürür, buna görə də konservləşdirilmiş məhsullar kiflənir”
“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, heç bir qatqı və şirə evdə hazırlanan qədər ziyansız deyil: “Konservləşdirilmiş istənilən qida məhsulu arzuolunan deyil. O cümlədən də şirələr. Əlbəttə, onlar meyvə pürelərindən hazırlanır. Lakin əksər halda kimyəviləşmiş olur. Məsələn, narın şirəsini hətta soyuducuda belə 3- 4 gündən artıq saxlaya bilməzsiniz. Təmiz şirə çox qısa müddətdə qıcqırır, başqa hala keçir. Bu o deməkdir ki, qablaşdırmış istər böyük, istərsə də kiçik qablarda meyvə şirələri adlanan bu şirələr kifayət qədər kimyəviləşib”.
Həmsöhbətimiz meyvə şirələri ilə bağlı narazılıqların artmasına gəlincə, bildirdi ki, bəzi market və dükanlar elektrikə qənaət etmək üçün gecələr işığı söndürür. Buna görə də həmin konservləşdirilmiş məhsullar kiflənir. Nəticədə isə insanların sağlığında müəyyən problemlər yaranır.
Adil Qeybulla: “Meyvə şirələrinin əksəriyyəti, təəssüflər olsun ki, konsentratlardan hazırlanır”
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu tip şirələrin orqanizmə müəyyən təsiri var: “Meyvə şirələrinin əksəriyyəti, təəssüflər olsun ki, konsentratlardan hazırlanır. Yəni xaricdən gətirilmiş xüsusi meyvə ətirli konsentratlardan hazırlanır. Həmin konsentratların dad xüsusiyyəti xüsusi kimyəvi maddələrin köməyi ilə meyvələrin dad xüsusiyyətlərinə çatdırılır. Konsentratlarla bağlı xeyli problemlər var. Ümumdünya Səhiyyə Təşkilatının qida əlavələri haqqında bölməsi var. Orada qidaların tərkibinə daxil olan, ayrılıqda qida kimi istifadə edilməyən, lakin qidaya dad, rəng və sairə verən maddələr var ki, bunların orqanizmə müəyyən zərərli təsirləri var. Ona görə də bu süni maddələr uzun müddət istifadə edildikdə qida əlavələri bədəndə yığılaraq müəyyən problemlər yarada bilər”.
Günel CƏLİLOVA