Dohada Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə yekunlaşdırılmasına dair çağırış edildi
Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasının yekunlarına dair qəbul olunmuş Doha Bəyannaməsində Ərəb Liqası - Azərbaycan və Mərkəzi Asiya formatı qarşılıqlı maraq doğuran məsələlər üzrə mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlığı dəstəkləyən dəyərli platforma kimi qiymətləndirilib, habelə müxtəlif digər formatlardakı səylərin təkrarlanmadan problem və nəticələrə yönümlü yanaşmanın sərgilənməsinin zəruriliyi qeyd edilib.
XİN-dən verilən məlumata görə, Doha Bəyannaməsində, eyni zamanda, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək, sülh müqaviləsinin tezliklə yekunlaşdırılmasına dair çağırış, habelə Azərbaycanın 4 kəndinin qaytarılmasını nəzərdə tutan delimitasiya razılığının əhəmiyyətinə vurğu öz əksini tapıb.
Birləşmiş Ərəb Əmirliklərinin 2022-2023-cü illər ərzində BMT Təhlükəsizlik Şurasına üzvlüyünün təqdirəlayiq olduğu bildirilib, habelə beynəlxalq təşkilatlar çərçivəsində ümumi maraqlara əsaslanan qarşılıqlı dəstək və əlaqəlındirilməyə çağırış olunub.
Ölkəmizin 2024-2026-cı illər ərzində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin məmnunluq doğurduğu, habelə AQEM və Ərəb Liqası arasında birgə layihə və tədbirlərin təşkilinə dəstək ifadə olunub.
Doha Bəyannaməsi, eyni zamanda bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda sülh, sabitlik və təhlükəsizliyə hədə törədən mina təhdidindən dərin narahatlıq ifadə edərək, BMT və üzv dövlətləri, habelə digər maraqlı tərəfləri bu təhlükəyə qarşı mübarizədə dəstək göstərməyə dəvət edib.
Ölkəmizin COP29 sədrliyinə seçilməsi məmnunluqla qarşılanıb, COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə dəstək ifadə olunub, habelə bu istiqamətdə qlobal həmrəylik səylərinin əldə edilməsində uğurlar arzu olunub.
Doha Bəyannaməsində, həmçinin Azərbaycan və Mərkəzi Asiyanı əlaqələndirən yaşıl enerji dəhlizinin iqlim dəyişikliyi ilə mübarizə, habelə yaşıl texnologiyalara keçid prosesində əhəmiyyətinə vurğu edilib.
ZÜMRÜD