Musa Qurbanlının vəziyyəti necə olacaq?
“Yurqorden”də əsas heyətə düşməkdə çətinlik çəkən Musa Qurbanlı ilə bağlı yerli mediada iddialar yer alıb. Futbolçunun qarşısında iki seçim var: həm Azərbaycana geri dönüş edə, həm də xaricdə legioner karyerasını davam etdirə bilər. Gənc futbolçunun karyerası üçün hansı variantın daha əlverişli olacağını idman meneceri Səid Bağırov cavablayıb. Təcrübəli agent açıqlamasında məsələ ilə bağlı bunları deyib:
“Azərbaycanlılar xaricdə çox az təmsil olunur. Saysaq, 10-15 nəfər ancaq olar. Demək istədiyim odur ki, Avropada oynamalıyıq. Ola bilər ki, İsveç futbolu Almaniya, İspaniya və Belçika səviyyəsində deyil, amma, mənim gördüyüm qədər məşq sistemləri çox güclüdür. Azərbaycanda da futbol inkişafdadır. Buna baxmayaraq texniki bilgilər, taktiki gedişatlar və fiziki məşqlər kimi çatışmayan məsələlər çoxdur. İsveçlə Azərbaycanı müqayisə etsək, Musa üçün orada qalmağı daha faydalı olar. “Yurqorden”də daha çox çalışmalıdır ki, əsas heyətə düşə bilsin. Xarici media yazır ki, psixoloji problemlərə görə Musa oyunlarda iştirak etmir. Bu belədirsə, Musa Qurbanlı ora qədər gedib çıxıbsa, bütün çətinliklərin öhdəsindən gələ bilər”.
İradə Hatəmi
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi