AŞ Baş katibi Azərbaycan və Ermənistan arasında delimitasiya prosesini alqışladı
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi barəsində paylaşım edib.
Trend xəbər verir ki, bu barədə Baş katib "X" sosial media hesabında paylaşım edib.
"Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan delimitasiya prosesi ilə bağlı bu yaxınlarda əldə edilmiş razılaşmanı alqışlayıram", - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb. İki dövlətin ekspert qruplarının işi davam edir. Azərbaycan-Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb.
Ötən gün isə Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.