"Kütləvi məzarlıqlarda 600 şəxsə aid meyit qalıqları aşkarlanıb" - Baş Prokurorluq
27 aprel 2024-cü il tarixinə ümumilikdə ən azı 600 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb (onlardan 124-ü 2022-ci ildə, 133-ü 2023-cü ildə, 48-i isə 2024-cü ildə aşkar edilib).
Trend xəbər verir ki, bunu Baş prokurorluğun İstintaq idarəsinin əməkdaşı Selcan Familzadə bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, istintaq zamanı genetik profilləri çıxarılaraq məlumat bankına yerləşdirilməsi və itkin düşmüş şəxslərin ailə üzvlərindən götürülmüş bioloji nümunələrdən çıxarılan genetik profillərlə eyniləşdirmə aparılması, habelə təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə şəxsə mənsub olması, ölümün səbəbi və sair sualların aydınlaşdırılması üçün 362 məhkəmə tibbi-kriminalistik ekspertizası və Ermənistan tərəfindən Şuşa və Xankəndi şəhərlərində təhvil verilmiş meyit qalıqları üzrə 54 (1-i 2024-cü ildə), işğaldan azad edilmiş ərazilərdə aşkar edilmiş meyit qalıqları üzrə 71 (20-i 2023-cü ildə, 3-ü isə 2024-cü ildə), ölkə ərazisindəki naməlum şəhid məzarlıqlarında dəfn edilmiş şəxslərin meyit qalıqları üzrə 193 (1-i 2023-cü ildə, 8-i isə 2024-cü ildə) olmaqla, ümumilikdə 318 (21-i 2023-cü ildə, 12-i isə 2024-cü ildə) məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib, onlardan 252 məhkəmə tibbi-kriminalistik və 23 məhkəmə molekulyar-genetik ekspertizalarının rəyləri tərtib edilərək, istintaq orqanına təqdim edilib.
Xatırladaq ki, Xocalı şəhəri ərazisində qazıntılar zamanı kütləvi məzarlıqda 21 nəfərin, daha sonra isə Xocalı rayonunun Malıbəyli kəndində 8 nəfərin qalıqları aşkar olunub. Ümumilikdə isə bu günə qədər Xocalıda qalıqları tapılan 29 nəfərdən 9 nəfərin kimliyi müəyyən edilmişdi.