Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlini qəbul edib. Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulandı, bu tədbirin müxtəlif mədəniyyətlərin nümayəndələri arasında əlaqələrin qurulması işinə töhfə verdiyi qeyd olundu.
Söhbət zamanı Azərbaycan-Pakistan əlaqələrinə toxunularaq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, müxtəlif məsələlərlə bağlı Azərbaycanın və Pakistanın daim bir-birini dəstəkləməsinin önəmi vurğulandı.
Görüşdə Ulu Öndər Heydər Əliyevin Pakistana səfərinin ölkələrimiz arasında əlaqələrin təməlini qoyduğu qeyd edildi və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin möhkəmlənməsi işinə töhfə verdiyi bildirildi.
Mətləb Salahov