Paşinyan Blinkenə yalan dedi - bu mövzuda Əliyevin onunla razılaşması yoxdur...
Ramil Hüseynov: “Azərbaycan Naxçıvana yüklərin yoxlanılmadan, maneəsiz daşınmasında qərarlıdır”
Məlum olduğu kimi, ABŞ Dövlət katibi Entoni Blinken aprelin 28-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon danışığı aparıb.
Erməni tərəfinin yaydığı məlumata görə, Blinken Paşinyanla telefon danışığında Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyi, aprelin 5-də Brüsseldə keçirilən görüş, eləcə də Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələləri müzakirə edib. Paşinyan Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin intensivləşməsindən məmnunluğunu ifadə edib. Paşinyan Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası prosesi ilə bağlı da müsbət danışıb. Həmsöhbətlər 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş zamanı əldə olunan razılaşmaların Ermənistan-Azərbaycan sülh prosesi kontekstində əhəmiyyətini vurğulayıb, Almatı Bəyannaməsinə toxunublar.
Daha sonra deyilir: “Dünyanın kəsişməsi” layihəsi də müzakirə olunub. Baş nazir Paşinyan 2023-cü ilin iyulunda Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə regional kommunikasiyaların ölkələrin suverenliyi və yurisdiksiyası əsasında açıq olması ilə bağlı əldə edilmiş razılaşmaları əks etdirdiyini bir daha vurğulayıb. Yəni bərabərlik və qarşılıqlılıq prinsipi əsasında. Bu razılaşmalar Mişelin sədrliyi ilə keçirilən sözügedən görüşün yekunlarına dair bəyanatda öz əksini tapıb”.
Məgər Azərbaycan sadalanan prinsiplər çərçivəsində kommunikasiyaların açılmasına razılıq verib? Paşinyanın dediyi prinsiplər o deməkdir ki, Zəngəzur dəhlizi üzərində bütün nəzarət Ermənistanın əlində olmalıdır. Halbuki, Azərbaycanın yanaşması fərqlidir. Bizim ölkənin yanaşması odur ki, Naxçıvana gedən yüklərin təhlükəsizliyinə zəmanətin Ermənistan tərəfindən verilməsinə qarşıyıq. Çünki Ermənistan onun təhlükəsizliyinə zəmanət verə bilməz. Bu səbəbdən Nikolun dedikləri yalandır. Azərbaycan kommunikasiya xətlərini yalnız 10 noyabr 2020-də imzalanan razılaşmanın 9-cu bəndinə əsasən qəbul edib.
“Paşinyanın razılaşmadan imtina etməyə cəsarəti çatmır, əvəzində Bakının adından yalan danışır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə çərh edən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, Paşinyan Blinkenlə danışığında kommunikasiyalarla bağlı faktiki yalan danışıb: “Məsələ ondadır ki, 10 noyabr 2020-ci ildə üçtərəfli razılaşmada bununla bağlı ayrıca bənd var. Razılaşmanın 9-cu bəndində deyilir ki, Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmalıdır. Həmin yolun da təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidməti təmin etməlidir. Azərbaycan da buna razıdır. Düzdür, 10 noyabr razılaşmasında dəhliz sözü yazılmayıb. Ancaq maneəsiz gediş-gəliş elə dəhliz deməkdir. Prezident İlham Əliyev də müsahibələrində dəfələrlə üçtərəfli razılaşmanın 9-cu bəndini xatırladıb. Ermənistan isə imza atdığı öhdəliyi yerinə yetirmək əvəzinə min cür bəhanə uydurur. Çünki onlar istəmir ki, dəhlizə Rusiya nəzarət etsin. Madam istəmirlər, o zaman 10 noyabr 2020-ci ildə imzalanan Bəyannamədən imtina etsinləır. Paşinyanın razılaşmadan imtina etməyə cəsarəti çatmır, əvəzində Bakının adından yalan danışır. Azərbaycan Naxçıvana yüklərin yoxlanılmadan, maneəsiz daşınmasında qərarlıdır. Bununla bağlı dünyada çoxsaylı təcrübələr var. O üzdən, yaxşı olardı ki, Ermənistan üzərinə götürdüyü öhdəliyi icra etsin”.
Vidadi ORDAHALLI