Əliyev İon-Adriatik qaz kəmərinə alternativ çıxardı - həm də daha sərfəli...
Günay Əliyeva: “Ölkə başçısının etdiyi bu alternativ təklif olduqca rasionaldı, nəzərə alınmalıdır”
Prezident İlham Əliyev ADA-da keçirilən tədbirdə bildirib ki, Adriatik-İon boru kəməri ilə bağlı ciddi problemlər var:
“Birincisi, bu layihə Avropa İttifaqının ümumi maraq layihələri siyahısına daxil deyil. Ona görə də ona dəstək yoxdur. İkincisi, çox çətin bir ərazidə belə infrastruktur layihəsi qurmaq üçün həmin layihənin üç ölkəsinin istehlak edə biləcəyi təbii qazın həcmi çox aşağıdır. Siz məndən yaxşı bilirsiniz ki, orada dağlar var və sair. Deməli, bu günə qədər həyata keçirilməməsinin səbəbi budur. Alternativ varmı? Bəli, alternativ var və biz bunun üzərində işləyirik. Təbii ki, əgər kimsə Adriatik-İon boru kəmərini tikəcəksə, biz birmənalı olaraq tədarükə başlayacağıq, çünki bizim əlavə qaz ehtiyatlarımız var. Əgər bu, baş verməsə Xorvatiyaya, oradan isə sizin qonşularınıza – Bosniya və Herseqovinaya və Monteneqroya çıxış Macarıstan ərazisindən ola bilər. Çünki biz Macarıstana qaz tədarükünü artıq bir neçə ay əvvəl başlamışıq. Düşünürəm ki, sizin bazara da daxil olmağın yolu budur. Bildiyimə görə, Xorvatiya və Azərbaycan hökumət nümayəndələri artıq bununla bağlı məsləhətləşmələr mərhələsindədirlər. Ona görə də hesab edirəm ki, bu, daha real yoldur, çünki artıq dediyim kimi, biz fiziki olaraq Macarıstandayıq. Biz faktiki olaraq Bolqarıstan vasitəsilə də artıq Serbiya bazarına daxil olmuşuq ki, bu da digər qonşular üçün marşrut ola bilər. Ona görə də düşünürəm ki, biz daha tez və daha az xərclə həyata keçirilə bilən variantları araşdırmalıyıq”.
İqtisadçı ekspert Günay Əliyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra təbii qaz problemi Avropanın gündəliyində duran əsas məsələlərdən birinə çevrilib: “Bir çox layihələr mövcuddur ki, bunlardan biri də tikintisi yekunlaşmaqda olan Yunanıstan-Bolqarıstan İnterkonnektorudur. Buna bənzər digər layihə İonik-Adriatik boru kəməridir. Bu kəmərlə Azərbaycan qazının üç Balkan ölkəsinə nəql ediləcəyi gözlənilirdi.
Son dövrdə Azərbaycana 10-dan çox ölkədən - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən ya mövcud qaz təchizatının artırılması, ya da qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlər daxil olub. Yəni bazar kifayət qədərdi. Azərbaycanın da qazı satış üçün yetərlidir. Qalır məhsulu həmin bazara çatdırmaq. 2016-cı ildə Azərbaycan Dövlət Neft Şirkəti, Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik Qaz Kəməri (IAP) layihəsinin gələcək inşası üzrə Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, 2007-ci ildə Xorvatiya, Monteneqro və Albaniya Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi ehtimal edilən IAP üzrə bəyannamə imzalayıb. IAP kəmərinin Splitdən (Xorvatiya) Fierə (Albaniya) qədər uzunluğu 516 km təşkil edir. Boru kəmərinin ötürücülük gücünün illik 5 mlrd. kubmetr olması nəzərdə tutulurdu. Göründüyü kimi, Azərbaycan bu layihəyə maraq göstərib. Amma ölkə başçısı bildirir ki, bu layihə ilə bağlı bəzi problemlər yaşanır. Bu səbəbdən də konkret alternativ təklif edir. Bu, ölkəmizin özünə güvənməyindən, dürüstlüyündən xəbər verir. Azərbaycan iştirakçısı olduğu bütün layihələri etibarlı tərəfdaş kimi sona çatdırıb. Ölkə başçısının etdiyi bu alternativ təklif olduqca rasionaldı, nəzərə alınmalıdır”.
Məhəmmədəli QƏRİBLİ