COP29-da şəxsən iştirak edəcək dövlət başçılarının sayı əvvəlkilərdən xeyli çox ola bilər...
Arzuman Abdulkərimov: ”İndidən bəzi dövlət başçılarının bu tədbirdə iştirakı ilə bağlı istəklərini bildirmələri tədbirə veriləcək böyük önəmdən xəbər verir”
Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir.
Azərbaycan hökümətinin üzvləri ilə COP29 barədə ilk müşavirəni keçirən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, “ehtimallara görə, təqribən 70-80 min xarici qonaq” iki həftə ərzində Azərbaycanda olacaq.
Prezident çıxışında deyib ki, Azərbaycanın keçirdiyi ən böyük beynəlxalq tədbir Avropa Oyunları olub ki, o zaman 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq ölkəyə gəlib. COP29-da isə on minlərlə xarici ölkəmizə gələcək.
2023-cü ildə Dubayda keçirilən COP28 tədbirində, rəsmi rəqəmlərə görə, 70 min əcnəbi qeydiyyatdan keçib. Qeyri rəsmi rəqəmlərə görə, bu tədbirə qatılanların sayı 100 mindən çox olub.
COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.
Aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında bu qlobal tədbir üçün Azərbaycanın bir ildən az vaxtı olduğunu vurğulayan dövlət başçısı bildirib: “Biz də əlimizdən gələni edirik ki, yaxşı nəticələr əlimizdə olsun”.
Belə qənaətlər də var ki, COP 29-da şəxsən iştirak edəcək dövlət başçılarının sayı əvvəlkilərdən xeyli çox ola bilər.
Bu göstərici COP 29-un uğurlarına necə təsir edəcək?
“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, Azərbaycanın təşkil edəcəyi ən böyük tədbirdir: “Qlobal əhəmiyyətli məsələlərin müzakirə ediləcəyi həmin tədbirdə Azərbaycana 10 minlərlə xarici qonağın gələcəyi gözlənilir. COP-29-la bağlı Azərbaycandan böyük gözləntilər var. Həm hazırlıq prosesinin, həm də tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif seqmentlərinin səfərbər olunması zəruridir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də məhz bu missiyaya xidmət edir. Çünki Azərbaycan bərpaolunan enerji mənbələri üzrə böyük potensiala malikdir. Ona görə də yaşıl enerjinin istehsalına böyük əhəmiyyət verir. Biz bunu Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərdə də müşahidə edə bilərik.
Artıq bəzi dövlət başçıları tədbirdə iştirakını indidən bəyan edib. Seneqal Prezidenti COP29-da iştirak etmək üçün Bakıya səfərə gələcək. Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu da COP29-a dəvət edib.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən birinə ev sahibliyi etməsi üçün seçilməsi Prezidentin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Prezidenti bu təşəbbüsü ilə dövlətimizin qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq. Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin hər birinə böyük maraq olur. Artıq bu tədbirə də böyük marağın olacağı şübhəsizdir. İndidən bəzi dövlət başçılarının bu tədbirdə iştirakla bağlı istəklərini bildirmələri tədbirə veriləcək böyük önəmdən xəbər verir”.
Məhəmmədəli QƏRİBLİ