"Yezidi-erməninin başını kəsmiş azərbaycanlı mükafatlandırılıb"? - Sülh yolunda yalana baxın...
“...Növbəti təxribat faktı kimi dəyərləndirirəm”
Sülhə yaxınlaşıldığı bir vaxtda Ermənistan tərəfin ağlasığmaz dezinformasiyaları yenə də erməni mediası tərəfindən gündəmə daşınmaqdadır. Maraqlıdır ki, bunlar hər gün yeni bir nağıl uydurub danışırlar.
Qazaxın işğalda olan yeddi kəndindən dördünün Azərbaycana qaytarılması ilə bağlı Paşinyan hökuməti qərar verdikdən sonra bu ölkənin içindən Azərbaycana qarşı şərləmələr genişlənib.
Erməni mediası iddia edir ki, guya yezidi kökənli çağırışçı və pulemyotçu Karam Sloyan 4 günlük müharibənin “ilk qurbanlarından biri olub”.
İddia edirlər ki, dörd günlük Aprel döyüşlərində azərbaycanlılar 20 yaşlı Karam Sloyanın başını kəsiblər, üstəlik, guya internetdə dəhşətli “kubok”un fotoşəkilləri yayılıb. “Daha sonra əsgərin başı erməni tərəfinə təhvil verilib və K.Sloyanın ailəsi onu yenidən dəfn etməyə məcbur olub. Daha böyük rezonansa həm də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılanların fotosunda K.Sloyanın kəsilmiş başı ilə videoya çəkilən şəxsi ictimaiyyətin tanıması səbəb olub”-deyə erməni mediası yazıb.
Erməni mediası iddia edir ki, guya 2016-cı lin Aprel döyüşlərində yezid əsilli bir erməni əsgərinin başını kəsmiş azərbaycanlı əsgəri mükafatlandırıb.
Bu qədər yalan olmaz. Bu açıq-aşkar revanşa çağırışdır, qızışdırıcı bir yanaşmadır. Harda kəsilib o əsgərin başı? İkincisi də, əsgərin, komandirin, hərbçinin kiminsə başını kəsdiyinə görə Prezident tərəfindən mükafatlandırılması barədə məlumat hardandır?
Bu qədər uyğunsuz məlumatların yayılması nəyə işarədir?
Ekspertlər qeyd edir ki, bu, Ermənistan tərəfin növbəti uydurmasıdır. Digər tərəfdən də, yezidi əsilli şəxs işğlaçı ordunun tərkibində Azərbaycan torpağında nə gəzirdi ki, bizim igidlərimiz onun başını bədənindən ayırsın? Torpağımıza təcavüz edənlərə layiqli cavab verilib, şanlı ordumuz təcavüzkara layiq olduğu yeri göstərib.
Ekspertlərin fikrincə, bu məsələnin ortaya atılması təadüfi xarakter daşımır, ermənilər indi də yezidiləri qızışdırıb daxildə revanşizmi gücləndirməyə çalışırlar. Bunun sülh prosesinə əngəl olduğunu deyən ekspertlərə görə, Ermənistanda bunda maraqlı olan qüvvələr var, onlar qətiyyən sülh müqaviləsinin imzlanmasını istəmirlər, bu səbəbdən də qondarma iddialarla çıxış edirlər.
“Bu dezinformasiyadır, digər əsassız məlumatlar kimi, bu da fiaskoya uğrayacaq”
Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. “Azərbaycan Cəniubi Qafqazın ən böyük dövlətidir. Bütün hallarda, həm siyasi, həm iqtisadi, həm hərbi baxımdan güclü bir dövlət kimi bir çox Qərb və Avropa ölkələrinin hədəfinə çevrilib. Ümumiyyətlə, bu cür əsassız məlumatların yayılması Azərbaycanın Cənubi Qafqazda hər gün artan nüfuzuna xələl gətirmək, onun nüfuzunu aşağı salmaq məqsədi daşıyır. Bu məqsədlə son dövrlər regionda Rusiyanın iştirakı, Azərbaycanla münasibətlərindəki bir sıra pozitiv nüanslar və sair məsələlər bu ölkələrin Azərbaycana qarşı qalxmasında müəyyənedici rol oynayıb. Xüsusilə Fransa, Amerika kimi dövlətlər Cənibi Qafqaza yaxınlaşmaq məqsədilə Cənubi Qafqazın ən zəif bəndi olan Ermənistan ərazisindən tramplin kimi istifadə edirlər. Onların Ermənistan ərazisində yerləşməsi Rusiya sərhədlərinə yaxınlaşması deməkdir və bu da, təbii ki, ciddi probelm yaradır. Xüsusilə də maraqları toqquşan dövlətlər üçün. Bu mənada bilirsiz ki, sülh istiqamətində atılan addımların gücü, əhəmiyyəti artdıqca bunların da Azərbaycana qarşı təpkisi artır” - deyə bildirən İ.Rüstəmli vurğuladı ki, belə bir vaxtda erməni mediasının, yaxud siyasi rəhbərliyinin bu kimi məsuliyyətsiz bəyanatla çıxış etməsi mənfi sayılmalıdır.
“Yəni məqsəd sülh danışıqlarına, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına imkan verməmək, Cənubi Qafqazda yeni münaqişə ocaqları yaratmaq və bu münaqişə ocaqlarından öz şəxsi məqsədləri, ambisiyaları üçün istifadə etməkdir. Bu mənada, onsuz da Ermənistan daim vassal, onun-bunun dili ilə danışan bir dövlət kimi Azərbaycana qarşı həmişə ikibaşlı oyun oynayıb. Yəni öz sözü, siyasi doktorinası olmayan bir dövlət kimi Azərbaycanla daim gah fransız, gah ingilis, gah da rus dilində danışıb. Yəni bütün dillərdə danışıb, bircə erməni dilində danşa bilmir, çünki özlərinin konkret siyasi kursu yoxdur. Ona görə də mən dövriyyəyə buraxılan bu cür məsuliyyətsiz informasiyaları Azərbaycana qarşı və Azərbaycanda Cənubi Qafqazla bağlı konkret mövqelərin möhkəmlənməsi sahəsində görülən işlərə qarşı növbəti təxribat faktı kimi dəyərləndirirəm.
Bilirsiz ki, informasiya savaşında Azərbaycan bütün ruporları, əsas istinad nöqtələrini ələ keçirib. Bunun da əsasında Azərbaycanın konkret siyasi xətti, iradəsi, öz mövqeyinin olması dayanır. Yəni indi bu cür hadisələrin baş verməsi təbiidir. Hələ bundan sonra da onlar çox əsassız iddialar irəli sürəcəklər. Onlarla, yüzlərlə Azərbaycan vətəndaşının nəşi ekskovatorla qazılıb torpaqdan çıxarılır, buna dünya birliyi heç bir reaksiya vermir, amma ermənilər özlərindən bir hadisə uydururlar, bu uydurma məsələ də Azərbaycana qarşı növbəti şərləmə kampaniyasının tərkib hissəsinə çevrilir. Hamı ermənilərin minlərlə, yüzlərlə azərbaycanlının başını kəsdiyindən, azərbayanlıların faciəsindən danışır, 4 minə yaxın vətəndaşımızın taleyi barədə hələ bir məlumat yoxdur, bunlar götürüb ortaya həqiqətdən uzaq informasiya atırlar. Bu dezinformasiyadır, digər əsassız məlumatlar kimi, bu da fiaskoya uğrayacaq. Görün, necə düşünülmüş bir işdir, burada Azərbaycan Prezidentinin də adını çəkirlər, bu cinayətə onu da qatmağa çalışırlar. Yəni bu, uzaqdan-uzağa görünən bir təxribatdır” - deyə İ.Rüstəmli əlavə etdi.
İradə SARIYEVA