ABŞ insanlarımızın minalardan qorunması üçün kömək təklif etdi - konkret nələr olacaq?..
Azər Həsrət: “ABŞ-nin Azərbaycandakı səfirliyi bu cür paylaşımlar etməkdənsə, real iş görsə daha məqsədəuyğun olar”
Ötən həftə Şuşanın Qaybalı kəndində mina partlayıb. Hadisə zamanı Minatəmizləmə Agentliyinin (ANAMA) işçisi, 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan əməkdaşa “Sağ ayağın amputasiyası” diaqnozu qoyulub. Baş vermis hadisə ilə bağlı ABŞ-nin Azərbaycandakı səfirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda deyilir: “Mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarət alması xəbəri bizi kədərləndirdi. Birləşmiş Ştatlar ölkəni minalardan təmizləmək səylərində Azərbaycana dəstək vermək öhdəliyində qətiyyətlidir. Bütün mina qurbanlarının və onların ailələrinin kədərini bölüşürük".
ABŞ səfirliyi bəyanat edir ki, Azərbaycana mina əleyhinə hər cür kömək etməyə hazırdılar. Bəs, ABŞ bu işdə Azərbaycana nə kimi dəstək, yardım, kömək edə bilər?
“Amerikanın minatəmizləmə ilə məşğul heyəti Azərbaycana gəlib işğaldan azad olunan ərazilərin müəyyən bir qismini minadan təmizləmə ilə bağlı öhdəlik götürməlidir, bunu edərlərsə…”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ABŞ-nin Azərbaycandakı səfirliyi bu cür paylaşımlar etməkdənsə, real iş görsə daha məqsədəuyğun olar: “Onların əlindəki texniki vasitələr, yeni nəsil cihazlar, qurğular, eyni zamanda, hazırlıqlı personal dünyanın heç bir ölkəsində yoxdur. Doğrudan da bizə kömək etmək niyyətləri varsa, buyurub Azərbaycan dövləti ilə danışıq aparsın və lazım olan heyəti ölkəmizə göndərsin. Hesab edirəm ki, Azərbaycan dövləti buna “yox” deməz. Mina təhlükəsinin aradan qaldırılması üçün sözdə yox, əməldə dəstək olunmalıdır. Amerikanın minatəmizləmə ilə məşğul heyəti Azərbaycana gəlib, işğaldan azad olunan ərazilərin müəyyən bir qismini minadan təmizləmə ilə bağlı öhdəlik götürməlidir. Bunu edərlərsə, ölkəmizə dəstək olarsa, deyərik onlar bu çağırış və açıqlamalarda səmimidir”.
Günel CƏLİLOVA