Ermənistanda etirazçılar İrəvan - Armavir yolunu bağladı
Ermənistanın Armavir vilayətinin sakinləri Azərbaycanla sərhədlərin delimitasiyası çərçivəsində əldə olunan razılaşmaya etiraz olaraq İrəvan - Armavir yolunu bağlayıb.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, etiraz aksiyasına ölkə parlamentinin "Ermənistan" blokundan olan deputatlar Qeqam Manukyan və Mqer Saakyan da qoşulub.
Polis nümayəndəsi sakinlərdən 2 dəqiqə ərzində yolun hərəkətini açmağı tələb edib və bildirib ki, əks halda onların hərəkəti hökumət nümayəndəsinin qanuni tələblərinə itaətsizlik kimi qiymətləndiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları ərazidə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 26-dək 28 sərhəd dirəyi quraşdırılıb.