Prezident İlham Əliyev iki nazir müavini təyin etdi
Prezident İlham Əliyev rəqəmsal inkişaf və nəqliyyat nazirinə 2 yeni müavin təyin edib.
Dövlət başçısının müvafiq sərəncamları ilə Elmin Məmmədov və Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunublar.
Qeyd edək ki, Elmin Fikrət oğlu Məmmədov 1987-ci ildə anadan olub.
O, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə Almaniyanın Saarland Universitetində Avropa hüququ üzrə magistr təhsili alıb.
Elmin Məmmədov 2011-2013-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində, 2013-2015-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsində, 2015-2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışıb.
2021-ci ildən bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.
Şahin Tofiq oğlu Babayev 1988-ci ildə anadan olub.
O, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.
Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.
Əmək fəaliyyətinə 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında başlayıb. 2012-ci ildən Azərkosmosda çalışan Şahin Babayev 2021-ci ilə qədər Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib.
Şahin Babayev bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.