Görkəmli tarzən Ramiz Quliyevlə gənclərin görüşü keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli tarzən, Azərbaycan xalq artisti, Dövlət Mükafatı Laureatı, professor Ramiz Quliyevlə gənclərin görüşü keçiriləcək. Birliyin Mətbuat xidmətindən Bakı-Xəbər-ə məlumat verilib ki, tədbir 1 may, saat 20:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. “MədəniyyətimİZ” proqramı çərçivəsində keçiriləcək görüşdə xalq artisti Azərbaycan musiqi mədəniyyətinin inkişafı kontekstində tar ifaçılığının tarixi, keçdiyi dövr və uğurlarımız, cəmiyyətdə milli musiqi dəyərlərinin qorunması və gənc nəsilə təbliği, eləcə də, Ümummilli Lider Heydər Əliyevlə bağlı olan zəngin xatirələrindən bəhs edəcək.
Tədbir müddətində “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan musiqisinin rolu”, “Tar ifaçılığı məktəbində yeni, innovativ yanaşmalar: yaradıcı sənayenin müasir ənənələrinə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında müzakirə keçirilməsi nəzərdə tutulur. Görüşün bədii hissəsində musiqiçi gənclərin iştirakı ilə müxtəlif musiqi nümunələri təqdim ediləcək.
Qeyd edək ki, “MədəniyyətimİZ” proqramının həyata keçirilməsində əsas məqsəd ölkə mədəniyyətinin müxtəlif sahələri üzrə peşəkar, tanınmış incəsənət xadimləri ilə gənclərin əlaqələndirilməsi, mədəni dəyərlərin təbliği və Azərbaycan mədəniyyətinin inkişafına töhfə verməkdən ibarətdir. Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
Nigar Əliyeva
Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi