Berlində Azərbaycan barədə aktual xəbər yayıldı - 9 stansiya....
Vüqar Bayramov: “2027-ci ilə qədər qarşıya qoyulan hədəflər Azərbaycanın yaşıl enerjinin ümumi elektrik enerji istehsalı və istehlakında payının artmasına səbəb olacaq”
“2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir”. Bu fikri Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.
Maraqlıdır, 9 stansiya yaşıl enerji dövrünə keçid prosesi nə deməkdir və bunun nə kimi faydaları var?
“2027-ci ildən etibarən Azərbaycan öz yaşıl enerjisi ilə Avropa bazarına çıxa biləcək, beləliklə, növbəti dövrdə ölkəmiz yaşıl enerjinin ixracatçısına çevriləcək”
Millət vəkili Vüqar Bayramov baki-xeber.com-a açıqlamasında bildirdi ki, yaşıl enerjiyə investisiya yatıran ən çox ölkələrdən biri Azərbaycandır: “2027-ci ilə qədər qarşıya qoyulan hədəflər Azərbaycanın yaşıl enerjinin ümumi elektrik enerji istehsalı və istehlakında payının artmasına səbəb olacaq. Həmçinin, ölkəmiz 2030-cu ilədək ümumi elektrik enerjisi istehsalında yaşıl enerjinin payını 30 faiz artırmaq, emissiyyaları isə 35 faiz azaltmaq fikrindədir. Bu, Azərbaycanın yaşıl enerji ilə bağlı əsas hədəflərindən biri sayılır. Sərmayə qoyuluşları bu hədəflərin reallaşmasına imkan yaradacaq”.
Millət vəkili onu da vurğuladı ki, 2027-ci ildən etibarən Azərbaycan öz yaşıl enerjisi ilə Avropa bazarına çıxa biləcək. Beləliklə, növbəti dövrdə ölkəmiz yaşıl enerjinin ixracatçısına çevriləcək. Avropanın enerji təhlükəsizliyi Azərbaycan enerjisi ilə təmin olunacaq.
Günel CƏLİLOVA