İlham Əliyev "körpü salmaq" missiyasını cəsarətlə ortaya qoydu - dünya yeni keçiddə...
Rauf Zeyni: “Yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı məsələdə də körpü rolunu böyük uğurla oynaya biləcək”
“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.
Bu fikirləri Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında səsləndirib.
Bu ölkələrin əldə olunmuş gəlirlərin yaşıl enerjiyə sərf edilməsi istiqamətində addımlar atdığını vurğulayan Əliyev deyib: “COP29 qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı”.
Azərbaycan Prezident bəyan etdi ki, biz körpü rolu oynamaq fikrindəyik.
Əlbəttə, yeni körpü rolu oynamaq Azərbaycanın yeni missiyasıdır. Azərbaycanın aktiv fəaliyyəti Qoşulmama Hərəkatına, pandemiya dövründə dünya dövlətlərinin həmrəyliyinə böyük canlanma gətirdi. İndi də iqlim dəyişikliyi dövründə ənənəvi enerjidən yeni enerji növlərinə keçid sahəsində Cənubla Şimal arasında körpü rolunu oynamaq tamamilə yeni missiyasıdır ki, Azərbaycan cəsarətlə bunu öz üzərinə götürüb.
“Azərbaycanın yeni missiyasının uğurlu olacağı və bu sahədə sarsılmaz bir körpüyə çevriləcəyi şübhə doğurmur”
Buna şərh verən Milli QHT Forumunun prezidenti Rauf Zeyni baki-xeber.com-a bildirdi ki, Azərbaycan necə illərdir Prezident İlham Əliyevin apardığı milli, bəşəri və mütərəqqi siyasət nəticəsində müzakirə, mədəniyyət, idman mərkəzinə, qlobal tədbirlərin keçirildiyi məkana çevrilib. “Eyni zamanda, vəhdət və düşüncə mərkəzinə çevrilib. İndi də artıq Azərbaycan həmrəylik mərkəzinə çevrilməkdədir. Çünki dünyadan gələn nüfuzlu, aparıcı liderlər Azərbaycanda müzakirələr aparır və düşüncələrini ortaya qoyur. 2024-cü il Azərbaycan Prezidentinin sərəncamı ilə “Yaşıl Dünya Naminə Həmrəylik” ili elan olunub, yenə də həmrəylik ilidir. Azərbaycan dünyaya həmrəylik təklif edir. O cümlədən də, cənab Prezidentin də çıxışlarında görürsüz, Azərbaycan mənəvi, ictimai, siyasi körpü rolunu oynamaq istəyir ki, bir dövlət olaraq dünya ölkələrini, dünya lederlərini bir çox hallarda sülh, təhlükəsizlik, əməkdaşlıq naminə həmrəyliyə çağırır. Bu çox ciddi məsələdir, Azərbaycan artıq strateji coğrafi ərazi, geostrteji ölkə olmaqdan əlavə, həm də miqyasına görə kiçik ölkə olsa da, böyük ölkələrə yol göstərən, təşəbbüs irəli sürən bir dövlətə çevrilib. Qoşulmama Hərəkatında biz 120 dövlətə rəhbərlik etdik, görün idarəetmə onların nə qədər xoşlarına gəldi ki, bizim müddətimizi bir qədər də artırdılar. Bu o deməkdir ki, Azərbaycan beynəlxalq aləmdə öz düşüncəsi, konsepsiyası, intrellekti ilə çox böyük yol xəritələri təqdim edə, çıxış yollarını göstərə bilir. Bu gün bəşəriyyətdə mürəkkəb iqtisadi-siyasi, o cümlədən hərbi vəziyyət yaranıb. Bu vəziyyətlərdən çıxış yolu göstərur”.
R.Zeyni qeyd etdi ki, ilk növbədə, əlbəttə, Azərbaycan Cənubi Qafqazı sülh, stabillik, sabitlik, əməkdaşlıq və inkişaf regionuna çevirmək istəyir. “Bununla da bütün dünyaya mesaj göndərir ki, siz öz maraqlarınıza görə bu regionu hərbi poliqona çevirməyin, çevirməyəcəksiniz və çevirə bilməyəcəksiniz. Yəni bu risqləri etməyin, burda insanlar sülh, əməkdaşlıq, tərəfdaşlıq və sabitlik istəyir, bu, xalqların istəyidir və bu xalqların iradəsinin əleyhinə getməyin. Bu da böyük güc mərkəzlərinə, müəyyən ölkələrə mesajdır, çağırışdır.
Biz Azərbaycan ictimaiyyəti olaraq bu mövqeyi, bu çağırışları, bu yol xəritəsini, sülhü, əməkdaşlığı, həmrəyliyi dəstəkləyirik. “Yaşıl dünya”, yaxşı dünya naminə, eyni zamanda stabil, sülh şəraiti olan region naminə bu təşəbbüslərə, təkliflərə dəstək veririk”-deyə R.Zeyni qeyd etdi.
R.Zeyni əlavə etdi ki, Azərbaycanın öz üzərinə götürdüyü yeni missiya da böyük uğur qazanacaq, çünki məqsədi birlik, həmrəylikdir: “Azərbaycanın yeni missiyasının uğurlu olacağı və bu sahədə sarsılmaz bir körpüyə çevriləcəyi şübhə doğurmur. Çünki indiyə qədər Azərbaycan başqa qlobal layihələrin icrası ilə körpü rolu olduğunu sübut edib. Yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı məsələdə də körpü rolunu böyük uğurla oynaya biləcək”.
İradə SARIYEVA