Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Qarabağdan getdi - rəylər...
Abutalıb Səmədov: “Bütövlükdə bu mərkəz, onun yaradılması Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında çox böyük bir mərhələdir”
“Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb”.
Bu sözləri Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında söyləyib.
Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin 26 aprel tarixindən fəaliyyətini dayandırdığını vurğulayan Prezident Əliyev qeyd edib:“Yəni sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq”.
Bu Mərkəz Türkiyə-Azərbaycan əlaqələri tarixində hansı rolu ilə qalacaq? Onun ən mühüm işləri nələr oldu?
“Türkiyə imkan vermədi ki, Monitorinq Mərkəzindən Azərbaycanın əleyhinə istifadə olunsun”
Məsələ ilə bağlı şərh verən “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi xeyli mübahisələrdən sonra yarandı. “Rusiya onun əhəmiyyətini azaltmaq, fəaliyyətinə mane olmaq üçün əlindən gələni etdi. Bu mərkəzin yaranmasında qətiyyən maraqlı deyildi. İlk tələb də ondan ibarət oldu ki, ümumiyyətlə, Monitorinq Mərkəzi təmas xəttindən xeyli uzaqda olmalıdır. Bərdəni təklif edirdilər. Ancaq nə Azərbycan, nə də Türkiyə bu təklifi qəbul etdi, Monitorinq Mərkəzi Ağdamda yerləşdi. Fəaliyyət göstərməyinə də imkan verilmədi. Onun fəaliyyətinin nədən ibarət olduğu da bilinmədi. İlk növbədə atəşkəs hallarına nəzarət etməli olan Monitorinq Mərkəzinin bir məlumatı, bir bəyanatı da səslənmədi. Onun əvəzində Rusiya Müdafiə Nazirıliyi atəşkəsin pozulması ilə bağlı məlumatlar verirdi, halbuki, bu onun funksiyasına daxil deyildi. Qəribə olan odur ki, Monitorinq Mərkəzinin fəaliyyəti xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada müzakirə olunarkən həm Türkiyə, həm də Rusiya tərəfi bu işin uğurlu olduğunu dedilər. Sonradan Rusiya və Türkiyə prezidentləri də bəyan etdilər ki, Monitorinq Mərkəzi uğurla fəaliyyət göstərir. Ancaq insanlar, əhali bu uğurlu fəaliyyətin nədən ibarət olduğunu bilmədi, heç bir məlumat verilmədi.
Güman edirəm ki, Monitorinq Mərkəzinin fəaliyyətinin bu cür səssiz olmasının əsas səbəbi Rusiyanın bunu istəməsi idi. Rusiya istəyirdi ki, mərkəz elə bu cür də fəaliyyət göstərsin. Türkiyə də müəyyən güzəştlərə getdi. İndi də qərar verildi ki, Monitorinq Mərkəzi ləğv edilsin. Təbiidir, artıq ermənilər Qarabağı tərk edib gediblər. Həm Ermənistan silahlıları, həm Qarabağdakı erməni silahlıları tərksilah olunmuşdular, təmas xətti də, qarşı duran rtərəflər də yox idi”-deyə qeyd edən A.Səmədovun sözlərinə görə, nəzərə alsaq ki, hadisələrin ən gərgin məqamlarında biz bu mərkəzin fəaliyyətini görmədik, onda təbiidir, 19-20 sentyabr antiterror tədbirlərindən sonra bu mərkəzin qalması ümumiyyətlə mənasız idi.
“Bütövlükdə sülhməramılıların orada qalmasını Rusiya prezidenti Putin əhəmiyyətsiz adlandırdı və Monitorinq Mərkəzi ləğv edildi. Yüksək çinli məmurların, dövlət başçılarının fəaliyyətinə yüksək yüksək qiymət verdi, uğurlu adlandırdı və onlardan başqa heç kimin bu fəaliyyətin nədən ivbarət olduğunu bilmədiyi Monitorinq Mərkəzi işlədi. Onlar üçün xüsusi iş yeri yaradıldı, orda hər cür şərait vardı, ancaq onların işinin nədən ibarət olduğu barədə heç bir məlumat ala bilmədik. Bu səbəbdən də təbiidir ki, mərkəzin ləğv olunması heç kimi nə təəccübləndirdi, nə də təəssüf hissi doğurdu.
Çox təəssüf ki, Monitorinq Mərkəzinin fəaliyyəti barədə məlumat verilməsə də, amma bütövlükdə bu mərkəz, onun yaradılması Azərbyacan-Türkiyə münasibətlərinin inkişafında çox böyük bir mərhələdir. 10 noyabr bəyanatının imzalandığı gecə Prezident İlham Əliyev qəti şəkildə tələb etdi ki, sülhməramlılıq fəaliyyətində mütləq Türkiyə iştirak etsin və Putin də razılaşdı. Bu, Azərbaycan-Türkiyə münasibətlərinə Prezidentimizin verdiyi dəyər idi.
Lakin sonradan Rusiya Türkiyəni müəyyən qədər dilə tutub razı sala bildi ki, sülhməramlı kimi türk hərbviçiləri Azərbaycana gəlməsinlər, bu müəyyən qədər problem yrada bilər, ancaq Monitorinq Mərkəzində Rusiya ilə Türkiyə birgə iştirak etsin. Başda Türkiyə generalının olduğu hərbiçələrin Azərbaycana gəlməsi və onların ruslarla yanaşı prosesə nəzarət etmələri, təbii ki, bizim üçün çox böyük kömək idi. Çünki əks halda, bəyanatda göstərildiyi kimi, Monitorinq Mərkəzi atəşkəsin pozulması barədə bəyanatlar səsləndirərdi və bu da Rusiya Müdfiə Nazirliyinin verdiyi bəyanatlardan seçilməzdi. Yəqin xatırlayırsınız, Rusiya Müdafiə Nazirliyi az qala hər gün, yaxud günaşırı elan edirdi ki, guya Azərbaycan atəşkəsi pozub. Türkiyənin orda olması Monitorinq Mərkəzini bu prosesdən müəyyən qədər kənarlaşdırdı və Türkiyə imkan vermədi ki, Monitorinq Mərkəzindən Azərbaycanın əleyhinə istifadə olunsun. Türkiyəli qardaşlarımızın orda olması, təbii ki, bizim üçün əlavə dəstək ifadəsi idi, bizi müəyyən qədər də rahatlaşdıran amil idi. Bilirdik ki, istənilən vaxt Azərbaycan əleyhinə atılan addımların qarşısını alacaq hərbiçilər qrupu var. Bu da bizim Monitorinq Mərkəzində fəaliyyət göstərən türkiyəli hərbiçi qardaşlarımız idi. Ancaq yenə də deyirəm, çox təəssüf ki, Monitorinq Mərkəzinin fəaliyyəti haqqında heç bir məlumat verilmədi. Bu səbəbdən də biz onun son illər tariximizdə hansı rol oynadığını dəqiq demək imkanından məhrumuq. Lakin Türkiyə yanımızda idi, bizimlə idi və Monitorinq Mərkəzindəki fəaliyyət də bunun bariz nümunəsidir”-deyə A.Səmədov qeyd etdi.
İradə SARIYEVA