Zərifə Əliyeva - Böyük alim, Böyük insan
Xətai rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Aprelin 26-da Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və Respublika Neyrocərrahiyyə Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunan elmi-praktiki konfrans keçirilib.
Respublika Neyrocərrahiyyə Xəstəxanasında keçirilən tədbirdə Dövlət Himni səsləndirilib. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. O, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
Rafiq Quluyev qeyd edib ki, Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngindir ki, onları bir çıxışda əhatə etmək qeyri-mümkündür. Onun mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün məktəbdir. Zərifə xanım Əliyevanın elmi fəaliyyəti haqqında çoxsaylı məqalələr yazılıb, kitablar dərc edilib. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. O, respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.
Konfransda YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, Zərifə xanım Əliyeva uzun illər respublikanın ondan artıq iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. İnsanlara nur bəxş edən Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv edilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə elmi dairələrdə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Zərifə xanım milli oftalmologiyanın inkişafını müasir tələblərə cavab verən oftalmoloji mərkəzin yaradılmasında, öz ixtiralarını, kəşflərini beynəlxalq arenaya çıxara bilən yüksəkixtisaslı kadrların hazırlanmasında, dünya oftalmologiya elminə inteqrasiyada görürdü. Bütün mənalı həyatı boyu yorulmaq bilmədən çalışan, elmin sirlərinə dərindən yiyələnmək üçün səylərini artıran, daim yeniliyə maraq göstərən Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Elm və Təhsil Nazirliyinin Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov bildirib ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Zərifə Əliyeva 150-yə yaxın elmi işin, 12 monoqrafiyanın, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Görkəmli alim yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük töhfələr verib. Zərifə Əliyeva oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadındır. Onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov vurğulayıb ki, Zərifə xanım Əliyeva elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Zərifə xanım Əliyevanın rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Onun mənalı ömür yolunun xalqa, Vətənə xidmətlə zəngin olan silinməz izləri, həyat təcrübəsi tələbələrinin hərtərəfli inkişaf etmiş mütəxəssis kimi yetişməsində, Azərbaycan səhiyyəsinin inkişafına töhfələr verməsində öz sözünü deyir.
Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Validə Vəliyeva, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin həkimi Tofiq Şıxəliyev və Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi Rafael Bayramov çıxış edərək bildiriblər ki, mərhəmət, xeyirxahlıq və vətənpərvərlik kimi insani keyfiyyətləri fəaliyyətində ümumiləşdirən Zərifə xanım Əliyeva sağlığında əfsanəyə çevrilən şəxsiyyətlərdəndir. Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.
Çıxışlarda bu mühüm məqam da xüsusi qeyd edilib ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, Azərbaycanı tarixi Zəfərinə qovuşduran, adını çoxəsrlik tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anasıdır. Zərifə xanım Əliyevanın ən böyük mükafatı xalqın sevgisidir. Onun nəsillərə nümunə olan ömür yolunu vərəqlədikcə hər bir addımın arxasında Vətən, xalq sevgisini görürük. Dövlətimizin başçısı İlham Əliyev görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva haqqında danışarkən “Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur” söyləyərək bu fikirləri də xüsusi qeyd edir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan olmalıdır. Zərifə xanımın bu məsələlərlə bağlı da fikirləri, məqalələri var idi. Həkimin etik davranışı ilə bağlı onun çox dəyərli fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlər bu gün də hər bir həkim üçün əsas olmalıdır.” Zərifə xanım Əliyeva böyük həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.