Avropa Parlamenti anti-Azərbaycan mövqeyindən əl çəkmir - Gürcüstanı da bezdirməyə başladı...
Avropa Parlamentinin Azərbaycana qarşı xüsusi qərəzi heç kəsə sirr deyil. Bu qurum Avropa məkanında anti-Azərbaycan təbliğatı ilə məşğul olan təşkilata çevrilib. Elə Avropa Parlamentinin ölkəmiz əleyhinə qəbul etdiyi çoxsaylı qətnamələr də bunun təsdiqidir.
Bu arada Avropa Parlamenti Avropa İttifaqını Azərbaycanla enerji sahəsində əməkdaşlığı dayandırmağa və gələcəkdə istənilən əməkdaşlıq barədə razılaşmanın şərti kimi bütün siyasi dustaqların azad olunması və insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasını tələb etməyə çağıran növbəti cəfəng qətnamə qəbul edib.
“Vətəndaş cəmiyyətinə qarşı repressiyalar və Qubad İbadoğlu və İlhamiz Quliyev işi” adlı qətnamə əvvəlkilər kimi cəfəng iddialrla doludur. Xatırladaq ki, bundan öncə də dəfələrlə heç bir fakta əsaslanmayan iftiralarla dolu qətnamələri qəbul etsə də, indiyə kimi həmin sənədlərin Azərbaycana hər hansı bir zərəri olmayıb. Ümumiyyətlə, Avropa Parlamentinin qətnamələrinin tövsiyə xarakteri daşıdığı hər kəsə məlumdur və heç bir çəkindirici qüvvəyə malik deyil. Yeni qətnamənin qəbulu isə bir daha Avropada ermənipərəst qüvvələrin hərəkətə keçdiyini göstərir və regionda sülh naminə görülən işlərə kölgə salmağa, sülh danışıqlarına zərbə vurulmasına hesablanıb. Lakin Avropa Parlamentinin istənilən qərar və qətnamələrindən asılı olmayaraq, Azərbaycan regionda heç bir kənar qurumların rəyindən asılı olmayaraq sülh gündəliyinin təşviq edilməsinə, sülhün və sabitliyin bərqərar olunmasına çalışacaq. Onu da nəzərə almaq lazımdır ki, Avropa Parlamentində anti-Azərbaycan isteriyasının arxasında yalnız bir qrup parlamentari dayanır. Əsasən Fransanı təmsil edən həmin deputatlar erməni diasporu ilə əlaqəli, yaxud Avropada mövcud olan islamafob, irqçi, səlibçi və türkofob dairələrin nümayəndələridir. Neokolonial təfəkkürdə olan bu şəxslər Avropa Parlamentindəki seçkilər öncəsi erməni lobbisindən maliyyə və seçici dəstəyi almağa çalışır. Sözsüz ki, istənilən halda, Azərbaycan bundan əvvəl olduğu kimi, doğru bildiyi yolla getməyə davam edəcək və ona qarşı səslənən bütün saxta və əsassız iddialara lazım olduğu şəkildə cavab verəcək. Azərbaycanın Avropa İttifaqı, həmçinin, Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur, rəsmi Brüssel Azərbaycanı iradəsinə zidd olan heç nəyə məcbur edə, yaxud sanksiyalarla təhdid edə bilməz. O da diqqətdən yayınmır ki, Avropa Parlamenti ittifaqa daxil olan 27 ölkənin daxili problemlərini bir kənara qoyaraq, Aİ dövlətlərindəki lobbiçi və siyasi qrupların sifarişləri əsasında təşəbbüslər həyata keçirir. Bu təşəbbüslərdə isə anti-Azərbaycan təmayülləri hər zaman öndə gedir.
O da birmənalı həqiqətdir ki, Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsindəki qələbəsi təkcə işğalçı Ermənistanın darmadağın məğlubiyyəti ilə nəticələnmədi. Eyni zamanda, uzun illər bu işğalçı ölkəyə açıq və gizli formada dəstək verən güclərin, bəzi beynəlxalq təşkilatların və xarici ölkələrin də iç üzünün bir daha ortaya çıxmasına təkan verdi. Onlar arasında Avropa Parlamenti də var. Lakin onu da qeyd edək ki, Avropa Parlamentinin qərəzi təkcə Azərbaycanla məhdudlaşmır. Belə ki, Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə də ciddi narazılıq predmetinə çevrilib. Qətnamə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası tərəfindən ciddi tənqid olunub. Sənəd əsassız və qərəzli hesab edilib. “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tiflis şəhərinin meri Kaxa Kaladze məsələyə münasibət bildirib. O deyib ki, Avropa Parlamentinin deputatları müzakirə edilən şəffaflıq qanununun əksinə olan qətnaməni qəbul etməklə birbaşa qeyri-şəffaflığın və qaranlığın tərəfində olduqlarını göstəriblər: “Avropa Parlamentinin deputatları biabırçı qətnamə ilə bizi şəffaflıq haqqında qanunu rədd etməyə çağırırlar. Onların istəyi gizli şəkildə ölkəmizə “qara pul” yeritməkdir. Bu pullar sonradan ölkəmizə qarşı destruktiv fəaliyyətə sərf olunur. Paradoksdur, amma bu qətnaməni dəstəkləyən deputatlar qeyri-şəffaflığın, qaranlığın tərəfində dayanırlar. Bu da yaxın gələcəkdə Avropa İttifaqının özünün xarici maliyyələşdirmə ilə bağlı daha sərt qanun qəbul edəcəyi fonunda baş verir. Qətnamədəki bu qeydlə bizə birbaşa bildirdilər ki, onların etdikləri bizə haramdır. Bu gün Avropa Parlamenti biabırçı qətnamə qəbul etdi. Bu tullantı kağızı dəstəkləyən deputatlar bir daha Avropa institutunu və azadlıq, bərabərlik, şəffaflıq və həqiqət üzərində qurulan Avropa ideyasını təhqir etdilər”. O, Avropa Parlamentinin hakim “Gürcü Arzusu” partiyanın yaradıcısı və fəxri sədri Bidzina İvanişviliyə qarşı impiçment tələb etməsini də absurd adlandırıb. Baş katib Avropa Parlamentinin Gürcüstanla viza rejiminə yenidən baxmaq təklifinə də münasibət bildirib. Qeyd edib ki, Avropa Parlamentinin qətnaməsindəki vizanın liberallaşdırılmasına yenidən baxılması məsələsi absurddur. Onun sözlərinə görə, bu absurdun məqsədi hansısa yolla əhali arasında ajiotaj yaratmaq, ictimaiyyəti çaşdırmaq, daha sonra isə bu məsələni böyütməkdir: “Bu prosesin başlanması üçün Aİ-yə üzv olan 27 ölkənin razılığı lazımdır. Xoşbəxtlikdən, Avropa bürokratiyasında hələ də sağlam siyasi qüvvələr var ki, onlar belə biabırçı addımı atmayacaqlar”.
Nahid SALAYEV