Rusiya-Ermənistan diplomatik savaşı iqtisadi müharibəyə çevrilir...
Diplomatik müstəvidə davam edən Rusiya-Ermənistan savaşı hələ də səngimək bilmir. Əksinə, tərəflərin qarşılıqlı ittihamı getdikcə artır. Bu fonda Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır:
“Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin Ermənistan parlamentinin spikeri Alen Simonyanın Avropa İttifaqına üzv dövlətlərin parlament sədrlərinin konfransındakı çıxışı ilə bağlı mövqeyini pisləyib. Xüsusən də erməni həmkarının Moskva haqqında danışması onu qəzəbləndirib. Bu hadisə müttəfiqlik münasibətlərində daha bir fəsad epizodu oldu.
İspaniyada çıxış edən Alen Simonyan bəyan edib ki, “Ermənistan Ukraynanın, eləcə də Moldovanın, Gürcüstanın, Kiprin və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə edir”. Eyni zamanda, o vurğulayıb ki, İrəvan hər gün təhlükəsizlik təhdidləri ilə, o cümlədən Rusiyanın “hibrid hücumları” ilə üzləşir. Simonyanın fikrincə, Rusiya Ermənistan əhalisi arasında dezinformasiya kampaniyasına başlayıb. “Yuxarıda göstərilənlərin bariz nümunəsi aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri, Avropa Komissiyasının sədri və ABŞ katibinin iştirak etdiyi üçtərəfli görüşlə bağlı Rusiyanın da Ermənistana hibrid hücumudur. Bu görüşün qarşısını almaq üçün dezinformasiyadan istifadə edilib və bu, uğursuzluğa düçar olduğu üçün görüşün nəticələrini təhrif etməyə cəhd edilib”, - Simonyan bildirib. Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin həmkarlarının diqqətini erməni siyasətçinin çıxışına yönəltmək qərarına gəlib. Xüsusilə o, Simonyanın sözlərində “Kiyevdəki rejimlə birbaşa həmrəylik” məsələsini qabardıb. Karasin hesab edir ki, Ermənistan Milli Assambleyasının spikeri Rusiyanın suverenliyinə şübhə ilə yanaşıb və “Federasiyanın yeni subyektlərinin sakinlərinin referendumlar zamanı açıq şəkildə ifadə olunmuş vətənləri ilə birləşmək istəyinə” məhəl qoymayıb. O, həmçinin vurğulayıb ki, Rusiyanı Ermənistanın təhlükəsizliyinə təhdid kimi təqdim etmək cəhdləri heç bir tənqidə tab gətirmir, çünki iki ölkə 1997-ci ildə imzalanmış müvafiq saziş və Avrasiya İqtisadi İttifaqına (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük əsasında müttəfiqdir. Rusiya-Ermənistan Universitetinin dosenti Anton Yevstratov hesab edir ki, baş verənlər indi çətin günlərini yaşayan indiki Rusiya-Ermənistan münasibətlərinin məntiqinə tamamilə uyğundur. “Ermənistandan belə görünür: Rusiya və KTMT ermənilərin Qarabağdan köçünün qarşısını almayıb, Rusiya mətbuatı isə mütəmadi olaraq Ermənistan hakimiyyətinə hücum edir. Buna cavab olaraq İrəvan bütün mümkün vasitələrlə ABŞ və Aİ ilə yaxınlaşmağa çalışır”, - ekspert bildirib.
Yevstratov hesab edir ki, Simonyanın İspaniyanın özündə çıxışına gəlincə, bu, təkcə Ermənistanın hakim elitasının deyil, həm də erməni cəmiyyətinin mühüm hissəsinin hisslərini nümayiş etdirir. Eyni zamanda, onun fikrincə, bu səviyyəli siyasətçi harda danışırsa, İrəvanın Moskvadan nə qədər asılı olduğunu həmişə xatırlamalıdır. Erməni politoloqu Boris Navasardyan hesab edir ki, Simonyanın çıxışının rusiyalı senatorların bəyənmədiyi hissəsi ümumilikdə Ermənistan cəmiyyətində ölkənin Rusiya ilə münasibətlərinin xarakterindən məyusluğunu əks etdirir. Bu, ilk növbədə, təhlükəsizlik və informasiya siyasəti məsələlərinə aiddir. Buna baxmayaraq, o qeyd edib ki, Ermənistanda ictimai rəyin qütbləşməsi şəraitində bu və ya digər siyasətçinin bəyanatının bütün vətəndaşlar tərəfindən dəstəkləndiyini söyləmək mümkün deyil. Amma o şübhə etmir ki, rəsmi olaraq İrəvanın strateji müttəfiqi statusunu saxlayan Moskvanın siyasətindən narazılığın artması tendensiyası var. Qeyd edək ki, sadə ermənilərin hakimiyyətin hərəkətlərinə reaksiyası həqiqətən də birmənalı deyil. “Əzab günü” bu xüsusilə nəzərə çarpırdı. Belə ki, “soyqırıma” həsr olunmuş Tsitsernakaberd memorial kompleksinin yaxınlığında toplaşanlar baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın oraya gəldiyini görəndə “Nikol türkdür” şüarları səsləndiriblər. Bu, onu çox narahat etmirdi. Akopyan sadəcə, teatral şəkildə gözlərini yumdu və bununla da tənqidçilər haqqında aşağı fikirdə olduğunu açıq şəkildə bildirdi. Ümumiyyətlə, Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasının əleyhdarları cəmiyyətdə mümkün qədər çox siyasi xal toplamaq üçün yas tarixindən istifadə etməyə çalışırdılar. Yerli KİV-də respublikanın keçmiş hakimiyyət dairələrindən olan müxalifətçilərin Paşinyanın öz vətəninin bir parçasını bir-birinin ardınca düşmənə verməsi, İrəvan küçələrində onların tərəfdarlarının polislə toqquşması barədə bəyanatlarla doludur. Bununla belə, təhlükəsizlik qüvvələri müxalifləri dağıtmaq üçün xüsusi vasitələrdən istifadə etməyib və ümumiyyətlə qalxansız və dəbilqəsiz hərəkət ediblər. Buna baxmayaraq, polis 100-ə yaxın adamı saxlayıb. Bütün bunların fonunda ekspert Vadim Muxanov qeyd edib ki, Federasiya Şurasının nümayəndəsinin Ermənistan parlamentinə müraciəti Moskva ilə İrəvan arasında münasibətlərin böhranını nümayiş etdirir. Bu böhran böyüməyə davam edir və bitməkdən çox uzaqdır. Hələlik bu, siyasi və hərbi təmaslara təsir edir, lakin gələcəkdə Aİİ daxil olmaqla, ticarət-iqtisadi əməkdaşlığa da təsir göstərə bilər. “Bu, qismən geosiyasi vəziyyətin dəyişməsi ilə bağlı idi. Amma əsas səbəb Paşinyanın hakimiyyətdə qalmaq istəyidir. Bu məqsədlə o, Ermənistanın düşdüyü vəziyyətə görə məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır. Eyni zamanda, erməni cəmiyyəti üçün əsas məsələ Moskva ilə münasibətlər deyil, öz hakimiyyətlərinə inamdır. Aprelin sonundan bəri müşahidə etdiyimiz etirazlara görə Paşinyanın populyarlığı görünməmiş səviyyədə aşağı düşüb”, - Muxanov vurğulayıb”.
Tahir TAĞIYEV