Sülhməramlıların Qarabağda həmişəlik qalması planı bu cür pozuldu - sirr açıldı...
Afsəddin Nəbiyev: “Vaxt məsələsində qətiyyətli tələb Azərbaycan dövlətinin Konstitusiyasına uyğun atılmış addım olub”
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib ki, 10 noyabr 2020-də Ermənistan Bəyanatda sülhməramlıların müddətsiz qalmasını istəyirdi, amma biz buna imkan vermədik:
“Rusiya sülhməramlıları məsələsi təqdim olunmuşdu və Ermənistanın mövqeyi ondan ibarət idi ki, onlar üçün vaxt məhdudiyyəti olmamalıdır. Başqa sözlə, onlar orada həmişəlik qalmalıdırlar. Biz bununla razılaşa bilməzdik və israr etdik ki, vaxt məhdudiyyəti olmalıdır. Bu, hər iki tərəfin razılaşa bilmədiyi ən çətin hissələrdən biri idi. Bizim üçün bu, Bəyanatın ən prinsipial hissələrindən biri idi və bizim mövqeyimiz ondan ibarət idi ki, əgər biz buna razılaşmasaq, Bəyanat olmayacaq və müharibə davam edəcək. Həmin vaxt bizim qoşunlarımız Xankəndinin yaxınlığında idi. Biz dedik, yaxşı, əgər heç bir razılaşma olmayacaqsa, biz davam edirik, bir neçə saata Xankəndiyə daxil olacağıq. Beləliklə, Ermənistan razılaşmalı oldu”.
Görünən odur ki, zamanında Prezident Əliyevin qətiyyətli mövqe sərgiləməsi nəticədə 3 ildən sonra sülhməramlıların Qarabağı tərk etməsinə gətirib çıxardı.
“Prezident Əliyev dövlətimizin hərbi-siyasi mənafeyini qətiyyətlə son ana qədər ləyaqətlə təmsil edib”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Ali Baş Komandanın bu məsələdə oynadığı rol çox böyükdür: “44 günlük Vətən müharibəsindən üç ilə yaxın müddət artıq arxada qalıb. 10 noyabr 2020-ci ildə üç dövlət arasında imzalanmış üçtərəfli Bəyanatın imzalanmadan öncə bəzi detallarının ictimaiyyətə açıqlanması bir daha onu göstərir ki, Ali Baş Komandan prezident İlham Əliyev Azərbaycanın suverenliyini, dövlətimizin hərbi-siyasi mənafeyini qətiyyətlə son ana qədər ləyaqətlə təmsil edib. Vaxt məsələsində qətiyyətli tələb Azərbaycan dövlətinin Konstitusiyasına uyğun atılmış addım olub. Burada həlledici məqam ondan ibarətdir ki, Konstitusiyamızda öz əksini tapan əsas müddəalar Azərbaycanın üstünlüyünə səbəb oldu. Konstitusiyamızda birmənalı olaraq göstərilir ki, Azərbaycan dövlətinin ərazisində heç bir dövlətin hərbi kontingenti yerləşdirilə bilməz. Məhz bu maddə həm də onu deməyə əsas verir ki, Azərbaycan müstəqil, suveren dövlət olaraq öz dövlət təhlükəsizliyini, ərazi bütövlüyünü hər zaman təmin etmək gücündədir. Təbii olaraq biz o zaman Rusiya "sülhməramlı" qüvvələrinin ərazimizdə yerləşdirilməsinə ona görə müvəqqəti olaraq icazə verdik ki, hərbi-siyasi maraqlarını hər şeydən üstün tutan qüvvələr bölgəyə müdaxilə etməsinlər. Sonrakı proseslər doğru qərarın verildiyini göstərdi. Biz indi xaosla idarə olunan bir çox dövlətlərin vəziyyətini müşahidə edərkən aydın şəkildə görürük ki, bir çox dövlətlərin müstəqilliyi formal xarakter daşıyır. Elə qonşu Ermənistan da bu misalın timsalında açıq nümunədir .Göründüyü kimi, son illər Azərbaycanın hərbi, siyasi, diplomatik uğurlarının qazanılmasında əsas səbəblərdən biri də qədim dövlətçilik ənənələrimizin olmasıdır. Məhz bu faktor dövlətçiliyimizin qorunmasına öz töhfəsini verib”.
Vidadi ORDAHALLI