İnternet resursların təcavüzü və uşaqların fiziki-mənəvi zorakılıqdan qorunması - Azərbaycan təcrübəsi...
İnformasiya texnologiyalarının sürətli inkişafı və internetin yaratdığı geniş imkanlar həyatımızın bir hissəsini asanlaşdırsa da, digər tərəfdən mənfi təsirlərini büruzə verir. Xüsusilə də cəmiyyətin həssas üzvləri olan uşaqların internet və sosial şəbəkələr barədə düzgün məlumatlandırılması, düzgün istiqamətləndirilməsi olduqca ciddi amildir.
Bu kimi məsələlərin gözardı edilməsi, uşaqlar üzərində valideyn nəzarətinin olmaması internetin neqativ təsirlərinin baş verməsinə və xoş olmayan fəsadlara gətirib çıxarır. Bu məsələlərdə valideynlərin diqqətli olması, övladlarını nəzarətsiz qoymamaları, internetin istifadə şərtləri ilə yaxından tanış olmaları və limitlərin qoyulması vacibdir. Təəssüf ki, bu gün bir çox ailələrdə valideynlərin uşaqlarına kifayət qədər vaxt ayırmamaları, özlərinə məxsus ikinci dərəcəli işlərini uşaqlarından öncəlik kimi qəbul etmələri, hətta onlardan diqqət və qayğı gözləyən uşaqlarını özlərindən uzaqlaşdırmaları bu kimi mənfi halların baş verməsi ilə nəticələnir.
Uşaqların internetin zərərli təsirlərindən qorunma üsulları
Biz şahidi oluruq ki, Azərbaycan dövlətini bu qlobal problem ciddi narahat edir. Uşaqlarla bağlı yarana biləcək belə mənfi təzahürlərun aradan qaldırılması üçün xeyli işlər görülür. Xüsusilə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu istiqamətdə atdığı addımları təqdirəlayiq saymaq olar.
Komitə hər il orta məktəblərdə şagirdlərin iştirakı ilə maarifləndirmə təlimləri keçirir. Komitənin yaydığı məlumatda bildirilir ki, təlimlərdə uşaqlarla söhbətlər aparır və internetdə daha çox hansı zərərli təsirlərlə rastlaşdıqları ilə maraqlanır, eləcə də bu istiqamətdə tövsiyələrlə bölüşülür.
Təlimlər zamanı uşaqlara internetin zərərli təsirləri sırasında insan alveri, zərərli vərdişlərə aludəçilik, kiber zorakılıq, cinsi istismar və digər halların baş verməsi haqqında məlumat veririlir.
Əlbəttə, bu kimi maarifləndirmə təlimləri daha geniş müstəvidə həm də validyenlərin iştirakı ilə davam etdirilməlidir. Komitənin fəaliyyətində uşaq və valideynlərin internetin zərərli təsirləri və ondan qorunma üsulları barədə məlumatlandırılması məqsədilə təlimlərin davam etdirilməsi nəzərdə tutulur. Komitə tərəfindən “İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” mövzusunda maarifləndirici bukletlər hazırlanıb, uşaqlar arasında paylanılması təmin edilib.
Uşaqlara maraq və meyli düzgün aşılamalıdırlar ki…
Psixoloq Ülviyyə Murtuzova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yeniyetmə internetdən istifadə edirsə, onun əxlaqı pozulur demək də doğru olmaz: “Ailədəki münasibətlər, ailədəki genetik faktorlar, ata-ananın o evdə böyüyən yeniyetməyə olan münasibəti onun inkişafına təsir göstərir. Bu gün bu problem var deyə, internetin üzerinə yükləyirik, amma internet olmasa da, o insan küçəyə-bacaya da çıxıb kimləsə tanış olacaq. Bir insan əgər internetdə yararlı informasiyalar deyil, daha fərqli, yaşına uyğun olmayan ziyanlı informasiyaları araşdırırsa, ona yoluxursa, internet olmasa da, o, həmin boşluqlarını cəmiyyətdə fərqli şəkildə dolduracaq. Ona görə də bütün problemi sosial şəbəkəyə yükləməklə uşağımızın daxilindəki səbəbi tapa bilmirik. Uşaqlara maraq və meyili düzgün aşılanmalıdırlar ki, uşaq öz əhatəsindəki, cəmiyyətdə onu əhatə edən informasiyaları düzgün qəbul etsin”.
İlk baxışda xoşniyyətli təsir bağışlayan saytlarda…
Psixoloqun sözlərinə görə, internetin imkanları artdıqca, ondan yalnız faydalı məqsədlər üçün deyil, cinayət əməllərini həyata keçirmək üçün istifadə edənlərin də sayı artır: “Uşaqlara qarşı törədilən cinayətlər xüsusilə narahatlıq doğurur. Cinayətkarlar çatlarda, forumlarda, sosial şəbəkələrdə, qeydiyyatdan keçərək uşaqlarla kontakt yaradırlar. Özlərinin mehribanlığı, diqqətliliyi, qayğısı ilə yeniyetmələrin diqqətini özlərinə cəlb etməyə çalışan cinayətkarlar bunun üçün xeyli vaxt sərf edir və pul xərcləyirlər. Adətən onlar müasir dövrdə uşaqların məşğuliyyəti barədə məlumatlı olurlar. Onlar yeniyetmələrin problemlərini dinləyirlər və dərdlərinə şərik olurlar. Lakin tədricən söhbətlərini başqa istiqamətə yönəldərək yeniyetmələri saxlayan mənəvi qadağaları zəiflətməyə çalışırlar. Həmçinin real həyatda görüşməyə cəhd göstərirlər.
Uşaqlar bu qlobal şəbəkənin nə qədər təhlükəli olduğunu hiss etmirlər. İnternetə hər an yeni informasiya daxil olur və bunu izləmək qeyri-mümkündür. Uşaq təsadüfən elə bir sayta daxil ola bilər ki, orada çox həvəsləndirici bir formada spirtli içkinin necə xoşagələn dada malik olması, narkotik maddə qəbul etdikdə orqanizmə necə möcüzəli təsir göstərməsi və ya ev şəraitində əlçatan vasitələrdən necə partlayıcı maddə düzəldilməsi barədə yazılara rast gələ bilər. Hətta ilk baxışda xoşniyyətli sayt təsiri bağışlayan saytlarda ekrana çıxan reklam pəncərələrində uşaq psixikası üçün təhlükəli olan şəkillərə və video materiallara heç də az rast gəlinmir”.
Bir sözlə, uşaqların yaşlarına uyğun məlumatları əldə edə bilməsi, lakin zərərli kontentdən uzaq qalması üçün provayderlər tərəfindən təklif olunan “informasiyanın filtrlənməsi” xidmətindən istifadə olunmalıdır. Və bu sahədə bir çox layihələr həyata keçirilir. Bunlardan biri də BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Komitənin təşəbbüsü ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində hazırlanan “Kidsafe” proqramıdır. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqındməlumatlandırılmasına xidmət edir.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.