"Qosdep" Azərbaycanı erməni yalanları ilə tənqid etdi - "əsgər qətlləri"?..
Mətin Məmmədli: “Hesabatda ölkəmizə qarşı yönələn belə əsassız ittihamların meydana çıxmasında erməni lobbisinin təsiri şübhəsizdir”
Ermənipərəst mövqeyindən heç zaman geri çəkilmək istəməyən ABŞ Dövlət Departamenti “İnsan Haqları Təcrübələri üzrə 2023 Ölkə Hesabatları: Ermənistan” adlı hesabatında Azərbaycana qarşı qərəzli və düşmən münasibətini açıq şəkildə büruzə verib.
Özünü dünyada insan haqlarının “müdafiəçisi” kimi qələmə verməkdə israrlı olan ABŞ-da belə bir üzdəniraq, yalanlarla dolub-daşan hesabatın açıqlanması o ölkənin əsl simasını göstərir.
Bu illik hesabatın Azərbaycana aid bölümündə yenə də qərəzli yanaşmalar öz əksini tapıb. Qərəzli hesabatda sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirlərindən danışılır. Departamentin hesabatında iddia olunur ki, guya bunun nəticəsində erməni əhali Qarabağı tərk edib. Guya 2022-ci ilin sentyabrında azərbaycanlılar erməni əsgərlərinə qarşı “qeyri-insani rəftar” ediblər (?). Hesabatda iddia olunub ki, “İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq Təşkilatı 2022-ci ilin sentyabrında baş vermiş döyüşlərlə bağlı sentyabr hesabatında əsgər cəsədlərinin videoyazılarına və fotoşəkillərinə əsaslanır. Guya bu üzdəniraq təşkilat belə qənaətə gəlib ki, erməni əsgərləri Azərbaycan əsgərləri tərəfindən “qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və işgəncələrə məruz qalıb”. Təşkilat erməni hərbi qulluqçularının guya “şikəst edilmiş cəsədlərinin video və fotolarına” “istinad edərək”, bu cür “şikəstliyin” “seksual və gender xüsusiyyətlərini” vurğulayıb (?).
ABŞ Dövlət Departamentinin hesabatında bu cür əsassız, mənşəyi olmayan iddialar əks olunub.
Təşkilatın sentyabr hesabatında iddia edilir ki, guya 2022-ci ilin sentyabrında gedən döyüşlər zamanı Azərbaycan silahlı qüvvələrinin “erməni əsgərlərini məhkəməsiz edam etdiyinə dair” “ağlabatan əsaslar” var (?) .
İddia edirlər ki, münaqişə zamanı ara-sıra döyüşlər davam edib və nəticədə guya mülki əhali arasında itkilər olub.
Hesabatda o qədər hədyan, o qədər ağlasığmaz yalanlar, böhtanlar əks olunub ki, adam bunun normal düşüncəyə malik insanlar tərəfindən hazırlandığına ciddi şübhə ilə yanaşmaya bilmir. Əlbəttə, erməni əsgərləri ilə bağlı deyilənlər də, mülki əhalinin “ölüdürüldüyünü iddia etmək də böhtandan, şərdən başqa bir şey deyil.
ABŞ Dövlət Departamentinin hesabat hazırlayan üzdəniraq qrupu elə insanpərvərdisə, niyə 30 il ərzində Azərbaycan xalqının başına gətirilən bəlalardan, Xocalı soyqırımından, Qərbi Azərbaycandakı qətliamlardan, deportasiyalardan, etnik təmizlmədən bir kəlmə danışmır? Bir dəfə də onlar yada salsın ki, ermənilər azərbaycanlıların başına hansı müsibətlər gətirib. Ermənistanın etdiklərini Azərbaycanın ayağına yazmaq bütün beynəlxalq qanunlara, konvensiyalara tüpürməkdir.
Erməni yalanları ilə Azərbaycanı tənqid etmək ABŞ-ın özünün nüfuzunu bir qara qəpiklik edir.
ABŞ-ın insan hüquqları məsələsindən və erməni yalanlarından Azərbaycana qarşı təzyiq vasitəsi olaraq istifadə etdiyi şübhəsizdir. Bu səbəbdən də ortaya yalan, böhtan dolu saxta məlumatlar əsasında hesabatlar çıxarırlar.
“İlk növbədə o səbəbdən ki, hesabatda yer alan bu cür məlumatlar fikirləri əks etdirmir, faktlara əsaslanmır”
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu hesabatda əks olunanlar tamamilə əsassızdır. “ABŞ Dövlət Departamentinin insan hüquqları ilə bağlı illik hesatında yer alan Azərbaycan əsgərlərinin guya erməni əsgərlərinə qarşı “qeyri-insani” davranışları ilə bağlı hissəsini, əlbəttə, biz obyektiv qəbul edə bilmərik. İlk növbədə o səbəbdən ki, hesabatda yer alan bu cür məlumatlar fikirləri əks etdirmir, faktlara əsaslanmır. Müharibədə əsgərlər tərəfindən qeyri-adekvat davranışlar ola bilər. Amma onu da nəzərə almaq lazımdır ki, istər ikinci Qarabağ müharibəsində, istərsə də ondan sonrakı toqquşmalarda Azərbaycan əsgərləri tərəfindən hər hansı bir əsgəri funksiyaya uyğun olmayan, müharibə qanunlarına zidd davranışlar olubsa da, o, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb, bununla bağlı ölçü götürülüb. Burada Azərbaycan dövləti bu kimi məsələlərə həssas yanaşıb. Hesab edirəm ki, Dövlət Departamentinin bu hesabtının hazırlanmasında ilk növbədə ABŞ-dakı erməni lobbi, diaspor qruplarının təsiri böyükdür. Hesabatda ölkəmizə qarşı yönələn belə əsassız ittihamların meydana çıxmasında erməni lobbisinin təsiri şübhəsizdir. Əsassız məlumatlar əsasında hesabatın hazırlanması Azərbaycana qarşı təzyiq vasitələrindən biridir” - deyə M.Məmmədli bildirdi.
İradə SARIYEVA