Narkotik satan Teleqram kanalları Bakı məktəblərini hədəflədilər...
“Çox dəhşətli bir məsələ var. Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum Teleqram kanallarının ünvanı yazılır. Sən demə məlum olub ki, bu kanallar narkotik vasitə satışının təşkili üçündür. Elə bir sistem qurulub ki, bu kanallar vasitəsilə satıcını görmədən narkotik vasitələr əldə etmək olur. Belə yazılar yavaş-yavaş məktəblərə yaxın yerlərdə də peyda olmağa başlayıb”. Bunu bloger Fərid Pərdəşunas öz sosial şəbəkə hesabında yazıb.
"Azercell” və Azərbaycan Cüdo Federasiyası isə #DoğruYolBudur sosial təşəbbüs layihəsinin bir hissəsində bu yazıları qapatmağa başlayıb. Artıq o yazılar silinir və üzərinə belə mesaj ifadə edən posterlər yapışdırlır. Bu məsələ ictimailəşməlidir. Gözümüzün önündə, küçədə, evimizdə gizli təbliğat gedirmiş. Müvafiq qurumlar dərhal həmin Teleqram kanallarına yönələn linki bloklamalıdır. Mən baxdım, link aktivdir. Sayta, oradan teleqrama yönəldir. Birmənalı link bağlanmalıdır”.
Qeyd edək ki, Bakıda binaların fasadına, məktəb divarlarına narkotik satışını təbliğ edən şüarlar yazan bir neçə nəfər həbs edilib.
Kənan Qubadzadə: “Son zamanlar narkotikin təbliğatı müxtəlif binaların divarlarında aparılır”
Narkotizimlə Mübarizə İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onlayn narkotik satışı, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da mövcuddur. Hüquq-mühafizə orqanlarının səyi nəticəsində bunun qarşısı alınır. Aidiyyəti digər qurumlar isə bu işdə effektiv fəaliyyət göstərmir: “Mütləq şəkildə cəmiyyət birləşib narkotikə meylli gənclərlə işləməlidir. Bu sahədə irəliləyiş əldə etmək istəyiriksə hamı birləşməlidir. Son zamanlar narkotikin təbliğatı müxtəlif binaların divarlarında aparılır. İndi də narkotik satışının linkini şəhərin müxtəlif yerlərində divarlara yazırlar. Aidiyyəti qurumlar bu məsələni nəzarətə götürməlidir. Kim harda belə fakt görürsə, mütləq bunu ictimailəşdirməlidir”.
Elçin Bayramlı: “Narkoşəbəkə kodlaşdırılmış çağırışlar vasitəsilə mesajlar yayır, şifrəli məlumatlar ötürür”
Sosioloq Elçin Bayramlı bildirdi ki, narkoşəbəkə kodlaşdırılmış çağırışlar vasitəsilə mesajlar yayır, şifrəli məlumatlar ötürür: “Sosial şəbəkələrin, internetin inkişafı buna rəvac verir. Əhalinin 99 faizi internetdə, feysbukda, tik-tokdadı. Hamı “internetləşib”, yeniyetmələr, gənclər də xüsusilə. Müxtəlif sosial şəbəkələrə üzv olurlar. Yazışırlar, “dostlaşırlar”. Narkotik ticarətçiləri, qlobal şəbəkə də bundan məharətlə yararlanır. Gəncləri narkotik maddələrə cəlb edirlər. Yeniyetmələr arasında narkomaniya tüğyan edir. Əvvəllər təbii bitkilər (marixuana) qəbul edirdilər. Son illərdə süni, kimyəvi maddələrdən hazırlanmış narkotik həblər “dəbdə”dir. Bu da zombiləşdirmə sisteminin bir parçasıdır. Qlobal narkoşəbəkə bunu tətbiq edir. Narkotiklərin hazırlanmasını da öyrədirlər. Müxtəlif formalarda - konfet, saqqız formasında hazırlanır, adını da qoyurlar “bioloji aktiv maddə”. Bunlar güclü asılılıq yaradan maddələrdir. Elə narkotiklər var, hətta bir dəfə istifadədən sonra asılılıq yaranır. Orqanizmi darmadağın edir. Narko-şəbəkənin çökdürülməsində cəmiyyət də fəal iştirak etməlidir. Əks halda gənclər məhv olacaq. Cəmiyyət ayıq olmalıdır. Şübhəli davranışlar, şifrəli danışıqlar ifşa olunmalı, açar, kod sözlər araşdırılaraq açılmalıdır. Valideynlər də övladlarını maarifləndirməlidir, övladlarının hansı sosial şəbəkədə vaxt keçirdiyinə, kimlərlə mesajlaşdığına fikir verməlidirlər. Ümumilikdə cəmiyyət məlumatlandırılmalıdır. Mübarizəni birgə aparmaq lazımdır. Cəmiyyət və dövlət orqanları birlikdə hərəkət etməlidir. TV-lər bayağı şoular verməkdənsə, bu problemi işıqlandırsınlar. Psixoloqlar, sosioloqlar dəvət etsinlər, silsilə verilişlər təşkil etsinlər”.
E.Bayramlı hesab edir ki, ciddi tədbirlər görülməsə, genofondumuz məhv olacaq. Yeniyetmə və gənclərin asudə vaxtının təşkili istiqamətində xüsusi proqramlar, layihələr işlənməlidir. Bu artıq milli, strateji məsələdir.
Günel CƏLİLOVA