Bakı-İrəvan ikitərəfli "Tarix-Mədəniyyət formatı" yaradıla bilər...
Faiq İsmayılov: “Bu formatın yaradılmasına tezliklə start verilməlidir”
“Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin və dini yerlərin dağıdılması ilə bağlı mütəmadi olaraq qarşılıqlı ittihamları nəzərə alaraq, biz Bakı və İrəvanı bu məsələni ikitərəfli danışıqlar mövzusuna çevirməyə çağırırıq". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Zaxarova qeyd edib ki, Moskva da öz növbəsində bu mövzuda lazımi köməklik göstərməyə hazırdır.
Qeyd edək ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarında irimiqyaslı cinayətlər törədib. Qərbi Azərbaycanda abidələrin və qəbiristanlıqların dağıdılması, o cümlədən İrəvanın Təpəbaşı ərazisində azərbaycanlıların irsinə hücum Azərbaycan abidələrinin dağıdılması prosesinin tərkib hissəsidir.
Ermənilər azərbaycanlıların öz tarixi-etnik torpaqlarında izlərini silməklə yanaşı, toponimlərə qarşı da soyqırımı həyata keçiriblər. Monoetnik dövlətin rəhbərliyi azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adını dəyişdirərək erməni yer adları ilə əvəz edib. Ermənistanın uzun illər ərzində həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Ermənistan ərazisində Azərbaycan xalqının keçmiş tarixə malik mədəni irsi tamamilə yox olmaq təhlükəsi altındadır, bir çox mədəni irs nümunələri məhv edilib. Əsrlər boyu indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların XX əsrdə deportasiyası nəticəsində bu ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı azərbaycanlılara qarşı etnik təmizləmə ilə müşayiət olunub.
Mariya Zaxarova təklif edir ki, Azərbaycan və Ermənistan tarix-mədəniyyət abidələrinin müdafiəsi məsələsini ikilikdə müzakirə etsinlər.
“Birgə komissiya yaradılarsa, bütün həqiqətlər ortaya çıxar, erməni iddialarına da son qoyular”
Zaxarovanın təklifinə şərh verən AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, maddi-mədəni irs üzrə mütəxəssis Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, bu prosesin ikili formatda aparılması çox uyğun olardı. F.İsmayılov hesab edir ki, Ermənistanın etdikləri göz qabağındadır və o özü bunun cavabını verməlidir.
F.İsmaylov bildirdi ki, hələ on il əvvəl UNESCO-ya müraciətində məhz bu məsələni ortaya qoyub, amma bir cavab ala bilməyib. “Bu təklifi mən 10 il bundan əvvəl UNESCO-ya ünvanlamışdım. Əsas götürmüşdüm ki Azərbaycanın işğal altında qalan ərazilərində kifayət qədər qanun pozuntuları, vandalizm halları baş verib. Bunun Ermənistanla birlikdə araşdırılmasına şərait yaradılsın. Lakin o dövrdə müraciətimə müsbət, ya mənfi cavab verilmədi. Zaxarovanın təklifi maraqlıdır. Çünki ermənilər Cənubi Qafqazda xristianlığa qədər və xristianlıq dövrü abidələrinə sahiblənmək istiqamətində iddialıdır. Bu baxımdan birgə komissiya yaradılarsa, bütün həqiqətlər ortaya çıxar, erməni iddialarına da son qoyula bilər.
Maraqlı təklifdir. Bu istiqamətdə təcrübə də var delimitasiya işləri ikili formatda idarə olunur”-deyə F.İsmayılov bildirdi.
Ekspertin sözlərinə görə, Azərbaycanın tarixi-mədəni irsi çox böyük zərərə məruz qalıb və bu zərəri də Ermənistan vurub.
F.İsmaylov bildirdi ki, Ermənistan Azərbaycanla birgə komissiya yaratmağa çalışmalıdır, çünki bu vacibdir. “İkili formatın yaradılması zərurətə çevrilib. Hesab edirəm ki, bu formatın yaradılmasına tezliklə start verilməlidir. Bilirsiz ki, Azərbaycan ikili formatın tərəfdarı olduğunu həmişə ortaya qoyib, Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılıq da məhz ikili danışıqların nəticəsidir”-deyə F.İsmayılov qeyd etdi.
Əlbəttə, bura başqa ölkələrin, güclərin, təşkilatların müdaxiləsi gərək deyil, çünki o qüvvələrin heç biri ədalətli mövqe tutmur, Ermənistanın vəkili kimi çıxış edirlər. Bu baxımdan, mədəni, tarixi irs məsələsində də ikili formatın nəticələri müsbət olar.
İradə SARIYEVA