Bakıda taksilər qiyməti qaldırdılar - səbəb məlumdur...
Fərid Həşimov: “Qiymət artımı daha çox pik saatlarda müşahidə olunur”
Azərbaycanda taksi şirkətləri gediş haqqını qaldırıblar. Gediş haqqının artmasına səbəb isə taksi xidməti göstərən avtomobillərin sayının kəskin azalmasıdır. Buna səbəbin Nazirlər Kabinetinin qərarı ilə 15 ildən çox yaşı olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulması ilə bağlı olduğu bildirilir.
Bütün bunlar taksi xidməti göstərən avtomobillərin sayının kəskin azalmasına səbəb olub ki, bu da öz növbəsində taksi qiymətlərinin bahalaşmasına zəmin yaradıb.
“Mövcud qərardan sonra taksilərin sayının azalacağı gözlənilən idi, bu da qiymətlərə təsir edir”
Məsələ ilə bağlı fikir bildirən nəqliyyat sahəsi üzrə ekspert Fərid Həşimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, taksi fəaliyyəti ilə bağlı qəbul edilən qərarlardan sonra taksi qiymətlərinin, xüsusən də ilin ikinci yarısından başlayaraq artacağı gözlənilirdi: “Taksi sahəsində islahatların aparılmasına səbəb taksi parkını inkişaf etdirməkdir. Bundan başqa, ödəniş forması olaraq nağdsız hesablaşmalar çoxalacaq, əlavə xərclər ortaya çıxacaq. Bütün bunlar da qiymətlərin tədricən bahalaşmasına gətirib çıxaracaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, son günlər taksilərin sayı azalıb. Taksi sayının azalması pik saatlarda özünü daha qabarıq formada göstərir: “Sərnişin taksi sifariş verir, hələ 20-30 dəqiqə sonra gələcəyini deyir. Bu da istər-istəməz narazılığa səbəb olur. Azərbaycanda “Uklon” taksi şirkəti də fəaliyyətini dayandırıb. “Uklon” Ukrayna şirkəti idi. Bu şirkət yeniləmələr edə bilməyib, avtomobillərin tələblərə uyğun işini qura bilmədiyi üçün fəaliyyəti dayandırıldı. Taksi sayının azalması da qiymətlərə təsir edir. Qiymət artımı daha çox pik saatlarda müşahidə olunur. Onu da deyim ki, mövcud qərardan sonra taksilərin sayının azalacağı gözlənilən idi. İyulun 1-dən sonra isə taksi sayında daha çox azalma müşahidə olunacaq”.
Günel CƏLİLOVA