Çində Blinkenin üzünə dedilər: "Qırmızı xətti keçməyin!"
Çində səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken Çinin xarici işlər naziri Van İ ilə görüşüb. Çinin rəsmi mediasının yaydığı xəbərdə deyilir ki, görüşdə nazir Van İ ABŞ-dən Çinin suverenlik, təhlükəsizlik və inkişaf maraqları ilə bağlı “qırmızı xətt”i keçməməyi tələb edib. Pekinin tərəflərin bir-birinin əsas maraqlarına qarşılıqlı hörmət prinsipinə tərəfdar olduğunu bildirən Van İ Çinin daxili işlərinə qarışmamağı, ölkənin inkişafına mane olmamağı məsləhət görüb. O, ölkəsinin Çin-ABŞ münasibətlərinə bəşəriyyət üçün ortaq gələcəyi olan cəmiyyət qurmaq prizmasından yanaşdığını deyib.
“Çinin mövqeyi həmişə ardıcıl olub”, - söyləyən Çin rəsmisi əlavə edib ki, ölkəsi qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir və Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafını təşviq etməyə çalışır.
Mətləb Salahov